×
A
A
A
Sazlamalar

Yuxularımda həmişə qapımızı açıq görürəm – Xocalı faciəsinin canlı şahidi

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsindən 31 il keçməsinə baxmayaraq, o vaxt yaşadığım ağrı-acı hələ də içimi göynədir. Biz ölənə qədər bu ağrı ilə yaşayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xatirimizdən heç vaxt silinməyəcək, o səhnə hər zaman gözlərimizin önündə canlanacaq. O vaxt mənim cəmi 20 yaşım var idi, 4 ayın gəlini idim, cehizimin qırmızı lentini belə açmamışdım. Xocalıdan çıxanda qapım açıq qaldı. Yanan çırağımı belə söndürmədim. Şəhərimiz, evimiz tez-tez yuxuma girir. Yuxularımda həmişə qapımızı açıq görürəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı faciəsinin canlı şahidi Zənurə Səlimova deyib.

O bildirib ki, həyat yoldaşı və qardaşı özünümüdafiə batalyonunda xidmət ediblər. Həyat yoldaşı Fərhad Səlimov və qaynı Faiq Səlimov şəhərin digər kişiləri kimi, növbə ilə postda keşik çəkirlərmiş. “Hadisə baş verən gecə Fərhadın növbəsi idi. Onu yola saldım. Ermənilər Xocalını mütəmadi olaraq atəşə tuturdular. Amma əhali heç nədən qorxub çəkinmir, öz iş-gücü ilə məşğul olurdu. Nə bilək ki, xain qonşularımız bizim qəsdimizə duran plan hazırlayıblar. Saat on iki radələri olardı. Hamı yatmışdı. Bu zaman Fərhadın səsini eşitdim. Hamımız durduq ayağa. Nə qaz vardı, nə də işıq. Fərhad dedi ki, ermənilər Xocalını dörd tərəfdən mühasirəyə alıblar, tez çıxmaq lazımdır. Bu zaman baldızım Nailə Ələkbərova ayaqqalın qaçıb gəldi. Qaynanam yaşlı və xəstə idi, ayaqları yer tutmurdu. Yoldaşımla, qaynım qayınanamı növbə ilə kürəklərinə alaraq irəliləməyə başladılar, biz də arxadan gəlirdik. Beşmərtəbə deyilən yerə qədər getməli idik, 10-15 dəqiqəlik yol bizə o qədər uzun gəldi ki... Çörək bişirilən yer var idi, oraya çatandan sonra Qarqar çayının yanından keçməli idik. Biz dərəyə enəndə atılan mərmilərin səsindən qulaq tutulurdu, gecə olduğundan alovun rənglərindən hər yer işığa bürünmüşdü. Beşmərtəbəyə çatandan sonra zirzəmiyə girdik. Gördük ki, zirzəmi adamla doludur, onların içərisində qocalar, uşaqlar, qadınlar vardı.

Həmin gecədə yağan qar daha yağmır

Zənurə xanımın deyir ki, Murad Məhərrəmov adında yerlisi onlara yarım saatlıq Kətik meşəsinə çıxmalarını məsləhət görüb. Deyib ki, ermənilər sakitləşən kimi evlərinə qayıdarlar. “Onun ailəsi məhv oldu, özünün də ürəyi dözməyib partladı. Ermənilər atəş açırdılar deyə məcbur olub zirzəmidən çıxıb yola düzəldik. Həmin gün elə bil təbiət də qan ağlayırdı. Həmin gecədə yağan qar daha yağmır. Lopa-lopa qar yağırdı, su buz kimi, çay donmuşdu. Qarqar çayını birtəhər keçdik. Çoxu yuxulu idi, suya düşən, ağlayan, inləyən.
Biz təpəyə çıxanda müəllimim Adilə Məmmədovanı gördüm, 3 övladı da yanında idi. Onun yoldaşı yerə yıxıldı, deyəsən, ürəyi tutmuşdu. Adilə xanım qışqırdı ki, ay camaat, kömək edin. Hərə öz hayında idi. Adilə xalanın ailəsi elə orada da qaldı. Həmin ailədən indiyədək bir xəbər yoxdur. İndiyədək xəbər olmayan 8 ailədən biri də həmin ailədir.

 


Meşəyə üz tutduq. Meşə çox sıx idi, hərəkət etmək mümkün deyildi, kol-kos adamın əllərini-üzünü cızıq-cızıq etmişdi. Əllərimiz qanın içində idi. Ayaqlarımızı qarın üzərinə qoyanda dərinə gedirdi, çünki ayaq dəyməyən yerlər idi. Yerimək mümkün deyildi, yolu da tanımırdıq. İnsanlar dəstə ilə başlarını götürüb gedirdilər, amma bilmirdilər haraya... Canımızı götürüb qaçırdıq. Mən Əntiqə nənə ilə gedirdim. O, kürəyinə qız nəvəsini şəlləmişdi, körpənin qırxı təzəcə çıxmışdı. Körpənin atası da, anası da həmin gecə öldülər. Yəni, hər iki valideynini itirən uşaqlardan biri odur. Həmin körpənin atasının ayağını dizinəcən yandırdılar ki, “Qarabağ Ermənistanındır” desin. Demədiyi üçün həyat yoldaşının gözünün qabağında öldürdülər. Həmin körpənin adı Vüsaldır, indi böyük oğlandır, onu görəndə birtəhər oluram”, - deyə Z.Səlimova bildirib.

Meşədə qarın üstü meyitlə dolu idi

Xocalı sakini həmin gecə baş verən sonrakı hadisələri belə nəql edir: “Taqətdən düşmüşük, getdiyimiz yolu bir də təzədən qayıdırdıq. Ac-susuz, təlaş bizi əldən salmışdı. Yolun yarısında rəhmətlik Əlif Hacıyevlə rastlaşdıq. Əlif müəllim də çox yorğun idi. Yaxşı yadımdadır, kürəyini ağaca söykədi və dedi ki, ay Allah görəsən nə vaxt dincələcəyik. Təqribən 5 dəqiqə nəfəs aldıqdan sonra bildirdi ki, gecikmək olmaz, hərəkət etmək lazımdır. Birtəhər Qaraqaya deyilən yerə gəlib çıxdıq. UAZ markalı avtomobil keçdi, içində də saqqallılar. Əlif müəllim camaata səsləndi ki, yolu tez keçin, ermənilər xəbərə gedirlər. Təsəvvür edin, təxminən 80-90 nəfərdən cəmi 10-15 nəfər gəlib çıxdıq. Arxaya baxdıqda mənzərə dəhşətli idi. Meşədə qarın üstü meyitlə dolu idi. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun anası Məruzə xalanı BMP ilə necə vurmuşdularsa, tikələri kolların, ağacların üstünə səpələnmişdi. Mən yaşanan dəhşətdən sonra bətnimdəki körpəni itirdim.


Kim ki canını tapşırmamışdı, ermənilər minbir əzabla öldürürdülər. Mənim yanımda Telman adında kişini qarnından vurdular, bağırsağı çölə töküldü. Beş balası yetim qaldı. Meşədə Cəmilə xala qucağındakı körpəni verdi ki, bunu da apar. Qucağımda körpəni tutmuşam, o biri əlimlə də nənəmi aparırdım. Dan yeri söküləndə Ağdamın Şelli kəndinə çatdıq. Taqətimiz kəsilmişdi, heyimiz yox idi ki, Ağdamdan gələn köməyə cavab verək. Ağdam camaatı sağ olsun, bizə çox kömək etdi. İsti çay, yemək gətirdilər. Ağzıma bir konfet qoyanda hiss etdim ki, yaşayıram, mənə taqət gəldi. Bizi Əhməd adında kişi evində qonaq etdi”.

Dayımın parçalanmış şalvarını nənəmlə birlikdə basdırdıq

Z.Səlimova bildirib ki, meşədən ölənləri, yaralıları daşıyıb gətirirdilər. Ağdam məscidi dolub-boşalırdı. “Bir gün gələnlərin içində Cəmilə xalanı gördüm. Meşədə mənə verdiyi körpəni özünə qaytardım. Qaldıq Əhməd dayının evi ilə məscidin arasında. Görək, kim qalıb, kim ölüb. Faciədən 5 gün sonra anamı, qardaşlarımı gördüm, meşədən çıxa bilmişdilər. Xalam iki balası ilə əsir düşmüşdü, dayımdan da xəbər yox idi. UAZ növbəti dəfə meyitləri və yaralıları gətirdi. Düşürdəndə, dayım Hüseyn Əzizovu gördüm, onu bir hala salmışdılar ki, tanınası deyildi. O, digər dayım İbrahim Əzizovla birlikdə meşədə olub. Hüseyn dayım kiminsə qaladığı yanan ocağa yaxınlaşıb qızınmaq istəyəndə, ermənilər onu tutmuşdular. Sən demə ocağı elə ermənilər qalayıblarmış. Dayım Əsgəranda işləyirdi. Ermənilər deyiblər ki, “Ara, Hüseyn, biz elə səni axtarırdıq”. Dayım da fikirləşib ki, tanıdıqları üçün buraxarlar. Təqribən 3-4 dəqiqədən sonra kəlbətin gətiriblər. Yenə də dayım yazıq anlamayıb ki, bunlar nə istəyirlər. Onun 4 qızıl dişini əlinə kəlbətin verib özünə çıxartdırıblar. Onun girov götürülmüş dostu danışır ki, sonra dayımı “KAMAZ “markalı yük maşınının arxasına bağlayıb sürüyüblər. O, həmin gecə postda olduğu üçün üst-üstə iki şalvar geyinibmiş. O qədər sürüyüblər ki, beyni dağılıb, şalvarı parçalanıb. Bununla da ürəkləri soyumayıb, can verən adamı təzədən içəri salıb avtomatın qundağı ilə vurublar. Biz onun bir gözünü tapmadıq.
Anam onu əlindəki döymə yazılardan tanıdı. Nənəm ölənə kimi dayımın parçalanmış şalvarını iylədi. Vəsiyyət etmişdi ki, öləndə dayımın şalvarını da onunla bir basdıraq. Elə də etdik”.

Xocalı sakini xalasının övladları Rəsmiyyə Hüseynova və Emin Hüseynovdan indiyə qədər xəbər çıxmadığını deyir. Bildirir ki, bibisi Zərif Əzizovanın 6 balası yetim qaldı. Faciədən 25 gün sonra tanınmaz halda meyiti tapıldı. Əmisi Təvəkkül Ələkbərovun da meyiti 25 gündən sonra gəldi. Vurulanda üzüstə düşdüyü üçün üz nahiyəsi çürümüşdü. Onun 12 yaşlı oğlunu da meşədə vurmuşdular. Anası yaylığın arasında gətirib Ağdama çıxaranda can verib. Son sözləri də bu olub: “Ana, qoyma ölüm”.
“Rəşadətli Ordumuz 30 ildən sonra Qarabağımızı azad etdi. Bununla hamımızın ürəyinə su çiləndi, təpərimiz qayıtdı. İnşallah, əhd etmişəm, Xocalıya qayıdanda öz ad günümü 20 yaşındakı kimi qeyd edəcəyəm, gəncliyimi yenidən yaşayacağam”, - deyə Zənurə Səlimova qeyd edib.

Xocalı faciəsi 2023-02-26 20:35:00