×
A
A
A
Sazlamalar

Misirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycanın Misirdəki səfirliyində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Misirdəki Azərbaycan icması, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak edib, Xocalıda baş vermiş faciəni əks etdirən fotosərgi təqdim olunub.
Anım mərasimi Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra səfirliyin müşaviri R.Vəliyev çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli faciəni dinc əhaliyə qarşı ən ağır cinayət və dünya tarixinin ən qanlı səhifələrindən biri kimi xarakterizə edib, bu hadisənin başvermə səbəbinin Ermənistanın dövlət səviyyəsində Azərbaycan qarşı həyata keçirdiyi nifrət, vəhşilik və zorakılıq siyasətinin nəticəsi olduğunu söyləyib.
O, Azərbaycan xalqının qan yaddaşına yazılmış bu faciənin hazırda dünyanın bir neçə beynəlxalq təşkilatı, həmçinin 18 dövlətin qanunverici orqanları tərəfindən soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamələr qəbul etdiyini, buna baxmayaraq, onu törədənlərin indiyədək məsuliyyətə cəlb olunmadığını diqqətə çatdırıb.
Misir ziyalısı M.Sələmə çıxış edərək, Xocalı qətliamı ilə bağlı fikirlərini bölüşüb, müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş bu soyqırımında yüzlərlə uşağın, qocanın və qadının həlak olmasını, bir şəhərin yerlə-yeksan edilməsini dünya tarixinin nadir faciələrindən biri kimi qiymətləndirib. Yaşanmış faciəyə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı humanitar qaydalara əməl etməsinə, təmkinliliyə və insani davranışına sadiq qalmasına diqqət çəkib.
Azərbaycanın Misirdəki icmasının rəhbəri S.Nəsirov Xocalı faciəsinin planlı şəkildə erməni vəhşiliyinin davamı olaraq baş verdiyini, bu soyqırımı aktına mövcud beynəlxalq hüquq çərçivəsində qiymət verilməsinin vacibliyini vurğulayıb.
Misirli jurnalist M.Yasin çıxışında Misir xalqının bu faciəli günlərdə Azərbaycanın yanında olduğunu söyləyərək, Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədildiyini, bu faciənin irqi ayrı-seçkilik və zorakılıq aktı kimi dünya tarixində qara ləkə olaraq qalacağını bildirib.
Tədbir çərçivəsində fotosərgi ilə yanaşı, Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub, etdirilib, ərəb dilində kitablar paylanılıb.

Xocalı faciəsi 2023-02-26 20:58:00