×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Aktauda da ehtiramla anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunda da ehtiramla anılıb.
Bu barədə AZƏRTAC-a Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş konsulluğun, Diasporla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan Mərkəzi" İctimai Fondun birgə təşkilatçılığı ilə reallaşıb.
Konsulluğun binası qarşısına toplaşmış 50-dən çox gənc fəal əllərində Xocalı faciəsini əks etdirən plakatlar tutub və “Xocalıya ədalət!”, “Erməni vəhşiliyinə son!” və digər şüarlar səsləndiriblər.
Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş fotostendin önünə gül dəstələri düzüb, faciə qurbanlarının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər Xocalı soyqırımın səbəb və nəticələrindən danışıb, dünya birliyini Xocalıda törədilən soyqırımına biganə qalmamağa çağırıblar.
Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının və layiq olduqları ən ağır cəzanı almalarının vacibliyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı törədilmiş soyqırımı cinayətidir. Bu soyqırımını törədənlər mütləq layiqli cəzalarını almalıdırlar.

Xocalı faciəsi 2023-02-26 20:10:00