×
A
A
A
Sazlamalar

Azərbaycan xalqının tələbi: Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidir REPORTAJ

AZƏRTAC-ın müxbirləri Xocalı abidəsini ziyarət edənlərin bir neçəsi ilə həmsöhbət olub, onların fikirlərini öyrəniblər

Bakı, 26 fevral, AZƏRTAC
Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsinin önündə böyük izdiham yaşanıb. Səhər saatlarından başlayaraq axşamadək minlərlə insan abidənin önündən keçib, önünə əklillər və gül dəstələri qoyub. İdarə və təşkilatların kollektivləri, Qarabağ müharibəsi veteranları, hər yaşda olan insanlar, o cümlədən Xocalı sakinləri, məktəblilər, paytaxtımızın qonaqları faciə qurbanlarının xatirəsini sonsuz kədər hissi ilə anıblar.

Anım mərasimi, eyni zamanda, dünyanın diqqətini bir daha bu dəhşətli faciəyə, bəşəri cinayətə yönəltmək məqsədi daşıyıb. Abidəni ziyarət edənlər vurğulayıblar ki, dünyanın gözü qarşısında baş vermiş bu qətliam beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır.
Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.
Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanıb. Rəşadətli Ordumuz iki il əvvəl Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qisası alınıb.

AZƏRTAC-ın müxbirləri Xocalı abidəsini ziyarət edənlərin bir neçəsi ilə həmsöhbət olub, onların fikirlərini öyrəniblər.
Erməni faşistlərini lənətləyən həmsöhbətlərimiz deyiblər ki, bu faciə heç vaxt unudulmayacaq, dəhşətli soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Müsahibələri təqdim edirik.

Xocalı sakini, şəhid polis işçisi Məzahir Əbilovun anası Qənirə Əbilova: Erməni quldur dəstələri Xocalı şəhərini top atəşinə tutanda Məzahir polis yoldaşları ilə birlikdə qarlı gecədə mühasirəyə düşmüş uşaqların, qadınların və yaşlı insanların xilas olunmasına kömək edərkən ermənilər tərəfindən qətlə yetirilib. Bir gecədə Xocalı kimi şəhər yerlə-yeksan edildi, yüzlərlə günahsız insan amansızcasına öldürüldü. Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. Odur ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir. Xocalı ilə Ağdam arasında Qarqar çayı var. Həmin gecə döyüş yoldaşları ilə birgə uşaqları, qadınları, qocaları Ağdamın Şelli qayasına keçiriblər. Oğlum və hərbçi yoldaşları deyirdilər ki, mühasirəyə düşsək, axırıncı gülləni özümüzə vurmalıyıq. Onlar mühasirəyə düşüblər. Biz ümidlə gözlədik ki, Məzahir nə vaxtsa gələcək, amma bizə qara xəbər gəldi. Ermənilər 26 nəfəri sıraya düzüb güllələmişdilər. Biz onun nə ölüsünü tapdıq, nə də dirisini tapdıq. Xocalı faciəsi heç vaxt yadımızdan çıxmır, sanki o gecə elə bugünkü gecədir.

 

Xocalı soyqırımının şahidi Kərim Cavadov: 1992–ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər dayılarımı girov götürdülər. Yaxınlarımı, qohumlarımı isə bir gecədə qətlə yetirdilər. O günlərin ağrı-acısını hələ də yaşayıram. Xocalı bir gecədə yandırıldı, sakinlərə amansız divan tutuldu. O soyuq qış gecəsində qaçıb canını qurtarmaq istəyənlərə - uşaqlara, qocalara, qadınlara belə aman verilmədi. 613 nəfər xüsusi amansızlıqla və işgəncə ilə öldürüldü. Ailələr tamamilə məhv edildi, şikəst düşənlər oldu. Allah o günləri heç kimə yaşatmasın... Xocalıya getmək, doğma Cəmilli kəndini görmək istəyirəm. Qohumlarımızın öldürülməsinə, evlərimizin yandırılmasına baxmayaraq, mən yenə də Xocalının, ata-baba torpağımın həsrəti ilə yaşayıram.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu: Mən həmin günlərin canlı şahidlərindənəm. Soyqırımı haqqında Azərbaycan mətbuatına ilk məlumatı verən jurnalistlərdən biriyəm, Xocalı ilə bağlı çoxlu fotolarım var. Təəssüf ki, həmin faciəni yaşamaq özümə də nəsib oldu. Fevralın 26-da erməni terrorçuları dinc əhaliyə aman vermədilər. İnsanlar o zaman pənah yeri kimi Ağdama gedirdilər. Ermənilər yolda, meşəlikdə və digər ərazilərdə onların başına çox böyük müsibətlər açdılar. Ağdamda olan könüllülərə, sakinlərə minnətdaram. Çünki o vaxt Ağdamdakı insanların bu vəhşiliyi törədənlərə qarşı ayağı qalxması ölənlərin sayının daha da çox olmasının qarşısını aldı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərliyi ilə 1300 Xocalı sakinin meyitinin, yaralının ərazidən götürülməsi və təhvil verilməsi o vaxtlar böyük cəsarət tələb edirdi. Sevinirəm ki, 44 günlük Vətən müharibəsində Ordumuz ermənilərə layiqli cəzalarını verdi.

Xocalı şəhidinin qızı Lətafət Mehrəliyeva: Xocalı faciəsi zamanı yoldaşım yaralanıb, anam şəhid olub. Qardaşlarım faciənin canlı şahidləri olublar. Biz uzun illərdir buraya gələrək Xocalı abidəsini ziyarət edirik. Bu gün oğlumla birgə abidəni ziyarət edirəm. Biz buranı şəhidlərimizin məzarı kimi tanıyırıq. Hər il faciədəki həmin hissləri yaşayırıq. Ailəmiz, xalqımız üçün dəhşətli faciədir. Qardaşlarımdan biri Xocalı soyqırımından üç gün sonra dünyasını dəyişib. Digər qardaşlarım üç gün onun meyitini axtarıblar. Kiçik qardaşım Xocalıda ac-susuz qalaraq soyuqdan donub. Böyük qardaşım onu gətirə bilməyib. Öz paltosu ilə kiçik qardaşımın meyitinin üstünü xəzəllə örtüb və nişanə qoyub ki, nə vaxtsa gəlib götürərik. Amma 31 ildir Xocalıya gedə bilmirik. Ancaq böyük qardaşım bu gün Ağdama gedib.

Birinci Qarabağ müharibəsi veteranı Rizvan Şahməmmədov: Mən əslən Qubadlıdan olan Allahverdi Bağırovun batalyonunda döyüşmüşəm. Xocalıda o vaxt yaralıları və sağ qalmış insanları ermənilərlə dəyişmişik. Faciədən əvvəl bizim Ağdam rayonunun Şelli kəndində postumuz var idi. Atışma başlayanda gücümüzün yetdiyi qədər kömək etdik, yaralıları çıxardıq. Şəhidlərimiz vardı, lakin onların orada qoymadıq. Xocalı sakinlərini çıxarırdıq. Mən 1993-cu ilə qədər Ağdamda döyüşmüşəm. Sonradan Birinci Qarabağ müharibəsində Tərtərə, Füzuliyə getmişəm. Bu gün sevincliyik ki, ermənilərin işğalı altında olmuş torpaqlarımızı Ordumuz azad edib, şəhidlərimizin qisası alınıb.

Vətən müharibəsi şəhidi Kamran Qasımovun anası Nailə Qasımova: Oğlum 44 günlük Vətən müharibəsinin 30 gününü şərəflə döyüşüb. Biz indi qürurla deyirik ki, bütün şəhidlərimizin - Xocalı soyqırımı, 20 Yanvar şəhidlərinin qisası həmin müharibədə alındı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Xalqımız və ordumuz dövlətimizin başçısı İlham Əliyevin ətrafında bir “Dəmir yumruq” kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qürurla deyə bilirik ki, biz torpaqlarımızı azad etmişik. Kamranın əmisi Birinci Qarabağ müharibəsi şəhididir, atası isə müharibə veteranıdır. Yəni, bir ailənin iki şəhidi var.

Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev: Biz yəhudi əsilli Azərbaycan vətəndaşlarıyıq. Xocalı faciəsini anırıq. Bu, hər birimizin faciəsidir, çünki Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Bizim xeyrimiz də, şərimiz də birdir. Mən bütün yəhudi icması adından şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yəhudi icması Azərbaycanın digər bütün vətəndaşları kimi, dünya ictimaiyyətinə Xocalı faciəsini, Qarabağ həqiqətlərini çatdırmaqdadır. Bu istiqamətdə işlər davam edəcək. Biz hər zaman Azərbaycan xalqı ilə həmrəyik və birlikdəyik.

Türkiyə vətəndaşı Alper Burhan: Mən Türkiyədən Azərbaycana işləmək üçün gəlmişəm. Bu gün 26 Fevral - Xocalı Soyqırımı Günüdür. Sizlərlə birlikdə şəhidlərin əziz xatirəsini yad edirəm. Çünki Azərbaycanın kədəri, Türkiyənin də kədəridir. Xocalı faciəsi çox dəhşətli bir soyqırımıdır. Bu faciəni günahsız insanlara yaşadanları lənətləyirəm. Xocalı sakinləri o gecə çox müsibətlər yaşadılar, ağlasığmaz işgəncələrə məruz qaldılar. Mən, həmçinin zəlzələdə göstərilən yardım və dəstək üçün əziz Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.


Yəhudi əsilli Rüfət Bədəlov: Mən əslən Qərbi Azərbaycandanam. Yoldaşım Laçındandır. Hazırda İsraildə yaşayırıq. Biz Bakıya qonaq gəlmişik. Xocalı hadisələri zamanı mən uşaq idim, 14 yaşım vardı. Yadımdadır, ermənilər 1992-ci ildə bu faciəni öz havadarlarının köməyi ilə törətdilər. Həmin soyqırımını, insanların öldürülməsini xatırlayıram. Yoldaşımın qohumları orada itkin düşüb. İndiyədək onlar barədə heç bir məlumat yoxdur. Xocalı abidəsində onların ailə üzvlərinin adları yazılıb. Hər il Xocalı abidəsini ziyarət edir, soyqırımı qurbanlarının xatirələrini yad edirik. İsraildə hər il Xocalı soyqırımı qeyd olunur. Orada Azərbaycanın diaspor təşkilatı olaraq fəaliyyət göstərən “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası hər il müxtəlif tədbirlər, sərgilər keçirir, insanlara Xocalı soyqırımı barədə məlumat verir. Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, həmçinin bu ölkədə “Justice for Khojaly” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi olmuş mərhum Arye Qutun bu soyqırımı haqqında “Ağrı” bədii-sənədli romanı çapdan çıxıb. Əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqırımından bəhs olunur.
Rüfət Bədəlovun həyat yoldaşı Günel Bədəlova isə deyib ki, Xocalı soyqırımı zamanı bibisi hamilə olduğu halda qarını yarılıb, uşağı oradan götürülüb. Digər uşağının gözü çıxarılıb. Əmisinin yoldaşı isə itkin düşüb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi hələ də məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 

 

Cəmiyyət 2023-02-26 19:00:00