×
A
A
A
Sazlamalar

Jan-Emmanuel Medina: Xocalı qırğınının arxasında Ermənistanın ərazi iddiası dayanırdı VİDEO

Paris, 26 fevral, AZƏRTAC

Xocalıda azərbaycanlılara qarşı kütləvi qırğının törədilməsi ermənilərin məqsədinin ərazi işğalı olduğunu aydın göstərir.
Bu fikri AZƏRTAC-a müsahibəsində yenicə işıq üzü görmüş “Sivilizasiyaların toqquşmasından sonra Pan-Antropik konvergensiya“ adlı kitabın müəllifi, fransalı vəkil Jan-Emmanuel Medina söyləyib.
Ermənistanın tarixən Şərqi Anadolu, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək, torpaqlarını genişləndirməyə çalışdığını xatırladan fransalı vəkil kitabında Xocalı qırğını haqqında da ətraflı məlumat verib.
“Birinci Qarabağ müharibəsində çox sayda azərbaycanlı vəhşicəsinə öldürülüb. Bu cür dəhşətli qırğınların mərkəzində isə Xocalı şəhəri dayanır. Bu şəhid şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən qanlı faciəni yaşadı. Ermənistan silahlı qüvvələri Xocalıda çox sayda mülki insanı öldürməklə sakinləri qorxutmağı, əraziləri ələ keçirməyi hədəfləmişdi. Həmin qanlı gecədə uşaq, qadın və qoca da daxil olmaqla, 613 dinc sakin qətlə yetirildi. Xocalı qırğınının şahidləri o soyuq qış gecəsinin dəhşətlərini, yaşadıqları ağrı-acıları danışırlar. Yəni bu faciə elə də uzaq tarixdə baş verməyib, canlı şahidləri var”, - deyə o bildirib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Siyasət 2023-02-26 16:12:00

Video