×
A
A
A
Sazlamalar

Avropalı hüquq müdafiəçiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanda səfərdə olan avropalı hüquq müdafiəçilərindən ibarət “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, koalisiya üzvləri soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı faciəsi 2023-02-26 14:37:00