×
A
A
A
Sazlamalar

Müşfiq Cəfərov: Cinayətkarların beynəlxalq səviyyədə cəzalandırılmaması yeni faciələrə yol açır

Bakı, 26 fevral, AZƏRTAC

Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də müharibə cinayətləri davam edir. Bunun ən başlıca səbəbi zamanında cinayətlkarların beynəlxalq səviyyədə cəzalandırılmamasıdır. Nə qədər ki, müharibə cinayətlərinin səbəbkarları və terrorçular cəzalandırılmayacaq, bəşər övladı sülh şəraitində yaşaya bilməyəcək. Bunun üçün bütün dünya birgə mübarizə aparmalıdır. Fərq etməz ki, bu cinayətlər Qafqazda və ya Avropada törədilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O qeyd edib ki, XX əsrdə Xocalıda soyqırımı törədildi. Ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş faciə yaşatdı. Lakin bunu törədənlərin heç biri beynəlxalq səviyyədə cəzasını almayıb. Buna görə də bu gün azərbaycanlılar Qarabağda ermənilərin basdırdıqları minaların qurbanı olurlar. Əgər zamanında Ermənistan hakimiyyəti öz qanlı cinayətlərinə görə cavab versəydi, iki il əvvəl Gəncədə, Bərdədə insanlar raket hücumuna məruz qalmazdılar.
Deputat bildirib ki, Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Xocalı soyqırımında 613 nəfər xüsusi amansızlıqla və işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Əgər XX əsrin sonunda baş vermiş bu faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilsəydi, səbəbkarları cəzalandırılsaydı, bu, digər faciələrin də qarşısını almış olardı.
Onun sözlərinə görə, Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının mühüm rolu var. Hazırda dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
“Bu gün Ermənistan hökuməti demokratiyadan danışırsa, o zaman Xocalı soyqırımına görə üzr istəməli, bu hadisələrin bir daha törədilməyəcəyinə təminat verməlidir”, - deyə M.Cəfərov əlavə edib.

 

Xocalı faciəsi 2023-02-26 14:36:00