×
A
A
A
Sazlamalar

Tərtərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Tərtər, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Tərtər rayonunda anım tədbiri keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və Xocalıdan olan ailələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir rəsmdə xocalılıların fəryadı, harayı əks olunub. Uşaqların rəsmlərində faciə ilə bərabər Qələbə ruhu da öz əksini tapıb.
Tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, Xocalı faciəsi qurbanlarının və qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra Xocalı qətliamına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın qan yaddaşına əbədi həkk olunan Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırımı cinayətlərindən olduğunu bildirib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.
Bildirilib ki, XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımı insanlığa qarşı ən qatı terror aktı və bəşəriyyətə qarşı tarixi cinayətdir. Bu soyqırımı cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti və rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə tarixi ədalət bərpa edilib, şəhidlərimizin qanı yerdə qalmayıb. Xocalı qurbanlarının yarımçıq qalmış arzuları gerçəkləşib, torpaqlarmız işğaldan azad edilib.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Xocalı sakini Gövhər Orucova, Sarıcalı kənd tam orta məktəbinin müəllimi Esmira Qəhrəmanzadə çıxış edərək, tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən, ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar.
Bildirilib ki, son iki yüz ildə erməni şovinistləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirsələr də, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət bərqərar olunub, torpaqlarımız azad edilib.
Sonda məktəblilərin ifasında soyqırımına həsr olunmuş bədii kompozisiya təqdim edilib.

Regionlar 2023-02-26 13:33:35