×
A
A
A
Sazlamalar

Qan yaddaşımız – Xocalı soyqırımı

Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan “Qan yaddaşımız” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Tədbirdə 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən söz açılıb. Bununla yanaşı, Xocalı faciəsinin dövlət tərəfindən dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən mühüm işlər barədə danışılıb. Qeyd edilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Xüsusi olaraq vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbir Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edib. Universitetin istedadlı tələbələrinin ifasında şeirlər səsləndirilib, vətənpərvərliyə aid səhnəcik nümayiş etdirilib.
Həmçinin soyqırımı həqiqətlərindən bəhs edən kitabların və Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən tələbələrin əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi nümayiş olunub.

Regionlar 2023-02-26 13:16:00