×
A
A
A
Sazlamalar

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir

Qax, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən otuz bir il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, müsabiqələr keçirilib, sərgi və guşələr təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar fevralın 26-da Qax Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Rayonda keçirilən anım tədbirlərində ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərini darmadağın edib, talayıb, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Faciə zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Tədbirlərdə vurğulanıb ki, Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib. Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.
Faciənin ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailəsinə ərzaq və maddi yardım göstərilib.

Regionlar 2023-02-26 13:04:00