×
A
A
A
Sazlamalar

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır

Bakı, 26 fevral, AZƏRTAC

Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir. Burada idarə və təşkilatların kollektivlərini, Qarabağ müharibəsi veteranlarını, hər yaşda olan insanları, o cümlədən məktəbliləri görmək olar.

Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.
Abidəni ziyarət edənlər AZƏRTAC-a müsahibələrində bu faciəni heç vaxt unutmayacaqlarını söyləyir, erməni faşistlərini lənətləyir, dəhşətli soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər.

Anım mərasimi, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı faciəsi 2023-02-26 10:20:00