×
A
A
A
Sazlamalar

Vyanada Avstriyada yaşayan soydaşlarımızla görüş keçirilib

Vyana, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin, Xocalı qurbanlarının, eləcə də Türkiyədə dəhşətli zəlzələdə həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin son beş illik dövrü əhatə edən fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabatda komitənin qarşıya qoyduğu hədəflər, mövcud problemlərin müasir şəraitə uyğun həlli, diaspor təşkilatları arasında koordinasiya, beynəlxalq mətbuatda Azərbaycan həqiqətlərinin təqdimatı, qurumun media resursları barədə məlumat verilib. Eyni zamanda, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə Azərbaycan dövlətinin ilk andan dəstək göstərdiyi, dünyanın müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının yardım kampaniyalarına qoşulduğu diqqətə çatdırılıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, bu günlərdə 31-ci ildönümü qeyd edilən Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin diqqətinin artırılması, bu faciəyə beynəlxalq hüquqi qiymətin verilməsi vacibdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Xocalı faciəsi və Qarabağ haqqında həqiqətlər dünyada tanıdılır, artıq bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Vyanada keçiriləcək Xocalı mitinqi Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması ilə yanaşı, eyni zamanda, Azərbaycan diasporunun həmrəyliyinin nümayişidir. Mitinqdə Avropanın 31 ölkəsindən soydaşlarımız, eləcə də Azərbaycana rəğbət bəsləyən əcnəbilər iştirak edəcəklər.
Tədbirdə iştirak edən litvalı hərbi jurnalist-fotoqraf Riçardas Lapaitis Xocalı qətliamı ilə bağlı xatirələrini bölüşüb. 23 yaşlı gənc fotoqraf kimi həyatında heç bir hərbi əməliyyat görmədiyini, lakin özündə vicdan və mənəvi məsuliyyət hiss edən bir neçə həmkarı kimi faciənin baş verdiyi bölgəyə yollandığından, orada qarşılaşdığı mənzərələrdən dəhşətə gəldiyini söyləyib. O bildirib ki, nə vaxtsa Xocalı qətliamına görə beynəlxalq səviyyədə mühakimə qurularsa, ədalətin bərpa olunması üçün orada şahid kimi ifadə verməyə hazırdır və bunu Xocalı şəhidləri qarşısında özünün mənəvi borcu hesab edir.
Sonra R. Lapaitisə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub. Jurnalist bu medalla beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə görə layiq görülüb. Jurnalist bu medalı 31 il bundan əvvəl onunla birlikdə Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün fədakarlıq göstərən bütün hərbi jurnalistlərə həsr etdiyini bildirib.
Tədbirdə, həmçinin diaspor sahəsində uğurlu fəaliyyətində görə Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının rəhbəri Fərəh Tahirovaya “Diaspor fəaliyyətində xidmətə görə” medal təqdim olunub.
Ümumi müzakirələrin ardınca Avstriyada yaşayan İT mütəxəssisi Anar Mehdiyevin müəllifi olduğu “AzeriNetwork” layihəsinin təqdimatı olub, belə bir şəbəkənin xaricdəki soydaşlarımızın daha sıx ünsiyyətinə imkan verə biləcəyi vurğulanıb.
Sonra Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında koordinasiyanın yaxşılaşdırılması üçün Koordinasiya Şurası seçilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Diaspor 2023-02-25 22:52:00