×
A
A
A
Sazlamalar

İtalyan senator: Xocalıda törədilənlər insanlığa qarşı cinayət və qəddarlıq nümunəsidir

Roma, 25 fevral, AZƏRTAC

Otuz bir il əvvəl Xocalıda törədilənlər dəhşətli faciədir, yüzlərlə qadın və uşağın qətlə yetirilməsi insanlığa qarşı cinayət və qəddarlıq nümunəsidir. Azərbaycan ərazilərinin hücuma məruz qalması, insanların etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilməsi, dinc yaşayan azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması bu faciənin miqyasını göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Sant’Aqata deyib.
Xocalı soyqırımının acı nəticələrindən kədərləndiyini bildirən senator bu dəhşətli faciənin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən biri olduğunu bildirib. O, dinc əhaliyə, eləcə də körpə uşaqlara, qadınlara qarşı törədilən vəhşiliklərdən dəhşətə gəldiyini vurğulayıb, beynəlxalq hüquq və ədalət naminə bu faciəyə qiymət verilməsinin vacibliyini qeyd edib.
C.Terzi bildirib ki, soyqırımı etnik təmizləmə siyasətinin bir hissəsidir və bu cür cinayətlərin yenidən yaşanmaması üçün təqsirkarlar ədalət mühakiməsinə çıxarılmalıdır. Xocalıda yaşananlar heç vaxt unudulmayacaq, azərbaycanlılar və italyanlar, eləcə də bütün beynəlxalq ictimaiyyət bu dəhşətli faciəni hüzn və ağrı ilə daim xatırlayacaq.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2023-02-25 20:19:00