×
A
A
A
Sazlamalar

Tankla üstündən keçilən ər, xilas edilən qayınana, gələcəyə ümid... Xocalı sakini danışır

Bakı, 25 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən Xocalıda törədilən qətliam, heç şübhəsiz, bütün bəşər tarixinin ən qanlı qırğınlarından biridir. Bu faciənin izləri onu yaşayan insanların əbədi yaddaşındadır. Həmin qarlı, qanlı gecədə baş verən hadisələrin qəlblərində yara açdığı şəxslərdən biri də Xocalı sakini Ceyran Əzizovadır.
Həmin gecə baş verən hadisələrlə bağlı acı təəssüratlarını AZƏRTAC-la bölüşən Ceyran Əzizova deyib: “Fevralın 11-də Malıbəyli və Quşçular kəndləri işğal ediləndən sonra Xocalı üçün təhlükə daha da artmışdı. Fevralın 11-dən 12-nə keçən gecə şəhəri mühasirəyə alaraq gülləbaran etdilər. Faciədən bir qədər əvvəl yaralıları, xəstələri, hamilə qadınları, körpə uşaqlıları imkan olduqca oradan çıxarırdılar. Amma heyf ki, hamını çıxarmaq mümkün olmadı. Çoxları kimi, həyat yoldaşım, milli ordunun döyüşçüsü Vasif Məmmədov da həmin qanlı gecədə şəhid oldu”.
Doğma Xocalını iki südəmər körpəsi ilə fevralın 12-də sonuncu vertolyotla tərk etdiyini bildirən C.Əzizova deyib ki, həmin günləri xatırlayanda çəkdiyi əzabları, ağrıları yenidən yaşayır.
İxtisasca hüquqşünas olan Ceyran xanım həyatının ən gözəl illərinin, gəncliyinin hədər getdiyinə heyfsilənir: “Gəncliyim hədər getdi, yoldaşım şəhid oldu, iki südəmər uşaqla tək qaldım. Niyə, nə üçün?! Çünki ermənilər qəddar, nankordurlar. Çünki bizim o vaxt “başbilənlərimiz” heç bir tədbir görmədilər. Nə isə... Ağdamda yerləşəndən sonra Xocalıdakılardan xəbər tutmaq üçün hər gün qərargaha gedir, mitinqlərdə iştirak edirdim. Fevralın 24-də orada sonuncu yığıncaq oldu. Qərargahda dedilər ki, ordumuz sabah Əsgəranı götürəcək və Xocalıya yol açılacaq. Bizim evimiz Xocalı Polis Şöbəsinin yanında yerləşirdi. Yoldaşımla danışmaq üçün oraya zəng edəndə yoldaşımın postda olduğunu bildirdilər. Ondan narahat idim, çünki biz Xocalıdan çıxanda qızdırmadan yanırdı, dərman da yox idi. Səngərdə torpağın üstündə yatmaqdan onun ağciyərində problem yaranmışdı.

Fevralın 26-da səhər tezdən Ağdam bazarına getmişdim. Bazarda danışırdılar ki, bu gecə Xocalıya divan tutublar, camaatı qırıblar, cəmi 30 nəfər salamat qurtara bilib. Həmin an yer-göy başıma fırlandı. Əlimdəkiləri yerə atıb qaçdım qaldığım yerə. Oradan bacımı da götürüb qərargaha getdik. Gələnlərin içində atamın xalası qızı Qənirə xala var idi, bizimkiləri soruşanda görmədiyini bildirdi. Sonra bacımla Ağdam xəstəxanasına gəldik. Orada Xocalıdan gələn yaralılara qan köçürürdülər. Palatada xalam qızlarını gördüm. Birini mədəsindən vurmuşdular, o, sonra rəhmətə getdi. Bibim qızları da xəstəxanada idilər. Onlardan birinin hər iki qolundan və iki ayağından vurmuşdular, öldürməmişdilər ki, əzab çəkərək ölsün. Digər palatada isə qardaşımın qayınanası var idi, o da ayağından yaralanmışdı.
“Meyitləri gətirməli idilər, bacımla Ağdam xəstəxanasının həyətində gözləyirdik. Bir az sonra “UAZ” markalı hərbi tibbi yardım avtomobili gəldi. Onun arxası meyitlərlə dolu idi. Onların arasında bir neçə nəfər də yaralı var idi. Onlardan biri sinif yoldaşım Əbülfət idi. Yenidən palataya qayıdanda bir qadının çığırtısını eşitdik, hələ də qulaqlarımdadır. Rübabə adında qadın “Ay Əlzamin” deyə qışqırırdı. O, körpəsini meşədə itirmişdi, 11 yaşlı Əlzamini isə ermənilər girov götürmüşdülər”, - deyən Xocalı sakini sonradan yoldaşını, atasını soraqlamaq üçün Şelli meşəsinə getdiyini bildirib. Deyib ki, orada axşama qədər gözləyiblər, lakin meşədən cəmi 5-6 nəfər çıxıb.
Gecə qaldıqları yerə qayıtdıqlarını bildirən Ceyran Əzizova sonrakı hadisələri belə nəql edib: “Bizimkilərdən hələ də xəbər yox idi. İki gün nələr yaşadıq bilmədik. Bu qədər qohum-əqrəbadan təkcə kiçik bacım Reyhan tapıldı. Onun toyu 3 ay idi olmuşdu və Xocalının ilk şəhidlərindən biri elə Reyhanın həyat yoldaşı Zahid Muradov idi”.
Milli Qəhrəman Allahverdi Bağırova Allahdan rəhmət diləyən Xocalı sakini digərləri kimi, qayınanasını da onun xilas etdiyini bildirərək deyib: “Allahverdi igid oğul idi. O, üç gün ərzində 1003 Xocalı əsirini ermənilərdən xilas etmişdi. Fevralın 28-də Allahverdi Bağırovun köməyi ilə qadınları ermənilərə dəyişdilər. Təqribən iki-üç avtobus qadın olardı. Onların arasında qayınanam da var idi. Onun paltarı balalarının qanına bulaşmışdı. Qayınanam dedi mənim həyat yoldaşımı girov götürüblər, qaynımı meşədə öldürüblər. Böyük qaynım Zahir Məmmədovun 17 yaşı var idi, 11-ci sinifdə oxuyurdu. Yaralı vəziyyətdə gətirib girovların içinə atmışdılar. Atam yeriyə bilmədiyi üçün meşədə qalmışdı. Əmim oğlunun başından vurmuşdular, əllərini kubikin üstünə qoyub qırmışdılar. Uzun müddət Xocalı məktəbinin direktoru olmuş Qüdrət əmim girov düşmüşdü”.
Danışarkən gözləri dolan Ceyran Əzizova qısa müddət evli olduğu həyat yoldaşının acısı ilə hələ da barışa bilmir. O bildirir: “Qayınanam danışır ki, həyat yoldaşımı aparanda “Ana, bunlar məni buraxmayacaqlar, balalarım əmanətinizdir” deyib. Elə də oldu. Onu güllələyib tankla üstündən keçmişdilər. Bir günün içində həyat yoldaşımı, qaynımı, baldızımın yoldaşını, həyat yoldaşımın xalasının ərini Ağdamın Tərnöyüt kəndində dəfn etdik. Minalanmış sahə olduğundan qəbirlərini ziyarət edə bilmirik.
“Martın 2-də Ağdama bir “KamAZ” meyit gətirdilər. Sonra bildik ki, 82 nəfərdir. Meyitləri Ağdam məscidinə yığdılar ki, yaxınları tanısınlar. Başı yandırılan, əlləri arxadan bağlanan, başı kəsilən insanları görəndə yer-göy başımıza fırlandı. İnanın, elə işgəncələr vermişdilər ki... ”, - deyən Ceyran Əzizova o dəhşətli günlərin bir daha yaşanmayacağına əminliyini bildirir. Deyir ki, Azərbaycan Ordusunun 30 ildən sonra azğınlaşmış düşməni yerində oturtduğu kimi, gün gələcək xocalılıların da hüquqları tanınacaq, onlar doğma yurdlarına qayıdacaqlar.

Xocalı faciəsi 2023-02-25 20:16:00