×
A
A
A
Sazlamalar

İtaliyalı siyasətçi: Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Roma, 25 fevral, AZƏRTAC
Otuz bir il əvvəl törədilən Xocalı soyqırımını etnik təmizləmə siyasətinin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi xarakterizə etmək olar.
Bunu italiyalı siyasətçi, sabiq senator Urania Papatheu AZƏRTAC-a müsahibəsində deyib.
Sabiq senator bildirib ki, vəhşicəsinə qətlə yetirilən qadınlar və uşaqlar, itkin düşənlər, girov götürülərək işgəncələrə məruz qalanlar, ailələrin bütövlüklə məhv edilməsi, körpələrin valideynlərindən məhrum olması çox dəhşətlidir. Sərgilənən tarixi fotoşəkillər bu faciəvi hadisənin dəhşətini bir daha nümayiş etdirir.
“Uşaqlar, qadınlar və günahsız mülki şəxslərə qarşı törədilən cinayətlərin düzgün şərh edilməsi, bu hadisələrə hüquqi qiymətin verilməsi, ədalətin bərpa olunması və cinayətkarların ədalət mühakiməsinə çıxarılması vacibdir. Düşünürəm ki, beynəlxalq ictimaiyyətin insanlığa sığmayan faciə haqqında daha dolğun məlumatlandırılmasının əhəmiyyəti böyükdür”, - deyə U.Papatheu qeyd edib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2023-02-25 19:44:00