×
A
A
A
Sazlamalar

Abşeron rayonunda Xocalı soyqırımı qurbanları anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Abşeron rayonu Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümünə həsr olunmuş “Xocalı–soyqırımı həqiqətləri” mövzusunda anım tədbiri keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xırdalan şəhərində Şəhidlər abidəsi ziyarət olunub, şəhidlərimizin və Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirələri ehtiramla yad edilib.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx və rayon məktəblilərinin rəsmləri nümayiş etdirilib.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi növbəti faciələrindən biridir. Erməni qəsbkarları, özlərinin də etiraf etdiyi kimi, azərbaycanlıların gözünü qorxutmaq, xalqımızda döyüş əzmini qırmaq və ermənilərə guya heç bir zaman qalib gələ bilməyəcəyimiz haqda cəfəng düşüncənin yaradılması, etnik təmizləmə aparılması məqsədi ilə soyqırımı törətdilər. Bu qırğın nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bütün bunlar göstərir ki, onların birbaşa məqsədi soyqırımı törətmək olub və buna da nail olublar.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirilib. Ulu Öndərin Sərəncamı ilə “26 fevral - Xocalı faciəsi günü” elan edilib, “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verilib, günahkarlar göstərilib. İndi isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Ümummilli Liderin siyasi irsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Prezident İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş siyasi-ideoloji işlər görülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər görülüb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, faciənin ildönümlərində dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində geniş təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Bunun nəticəsi olaraq, 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Görülən tədbirlərin nəticəsidir ki, Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır.
Abdin Fərzəliyev əlavə edib ki, Abşeron rayonunda Xocalıdan 343 ailə yaşamaqdadır. Onlardan 22-si Xocalı soyqırımı qurbanı ailələridir. Rayonumuz ərazisində ümumilikdə 385 şəhid ailəsi məskunlaşıb. Onlardan 142-si Vətən müharibəsi şəhidinin ailələridir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri və qazilərimiz daima diqqətdə saxlanılır, onlarla mütəmadi görüşülərək qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlər görülür.
Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasının döyüş meydanında layiqincə alındığını vurğulayan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürüb. Güclü siyasi iradə, qüdrətli ordu, xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin edib.
Daha sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi”nin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov, qazilər Vasif Allahverdiyev, Vidadi Əliyev və Xocalı soyqırımı ailəsinin üzvü Vidadi Hüseynov çıxış edərək Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən, soydaşlarımıza qarşı törədilən qətliamdan və şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışıblar.

Xocalı faciəsi 2023-02-25 19:02:00