×
A
A
A
Sazlamalar

Xocalı faciəsi bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Ağdam, 25 fevral, AZƏRTAC

Ağdam Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən birgə təşkil olunan tədbirdə şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər. Abidə önünə və şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi faciələrdən, soyqırımı siyasətindən, Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar. Bildirilib ki, Xocalı faciəsi təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Qanlı hadisələr zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.

Regionlar 2023-02-25 18:38:00