×
A
A
A
Sazlamalar

Elmi-Tədqiqat Kardiologiya İnstitutu Tərtərdə şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirib

Tərtər, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları Tərtər rayonunda şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün tibbi-maarifləndirici aksiya keçirib. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxanası və “Servier” dərman şirkətinin dəstəyi ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçısı ödənişsiz olaraq EXO KQ, EKQ, nevroloji və endokrinoloji tibbi müayinələrdən keçirilib. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Bu Qələbə şəhidlərimizin qanı, eyni zamanda, Vətən müharibəsi veteranlarının döyüşlərdə böyük fədakarlığı hesabına qazanılıb. Dövlət başçısı dövlət qurumlarına, ilk növbədə, şəhid ailələrinə qayğı və diqqət göstərməyi tapşırıb. Bu, bizim mənəvi borcumuzdur.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu şəhid ailələri və Vətən müharibəsi iştirakçıları üçün mütəmadi olaraq tibbi-maarifləndirici aksiyalar keçirir. Belə aksiyalar bundan sonra da davam etdiriləcək.
Tibbi aksiya şəhid ailələri və qazilər tərəfindən razılıqla qarşılanıb. Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhid atası Qüdrət Aslanov deyib: “Bu gün aksiyada mən də iştirak etdim. Həm kardioloji, həm də nevroloji müayinələrdən keçdim, şəkərimi yoxlatdırdım. Uyğun müalicə təyin edildi. Müayinələrdən razı qaldım. Aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Regionlar 2023-02-25 17:33:00