×
A
A
A
Sazlamalar

İnsanlığa qarşı törədilmiş qanlı cinayət

Bakı, 25 fevral, AZƏRTAC

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Tədbirdə rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı hadisələrdən danışıb. Vurğulanıb ki, Xocalı qırğını XX əsrin ən böyük faciəsidir. Qanlı gecədə 106 qadın, 63 uşaq olmaqla 613 nəfər amansızcasına öldürülüb, 8 ailə məhv edilib, çoxlu sayda insan yaralanıb və itkin düşüb.
Qeyd olunub ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul edib.
Rəsədxananın şöbə müdiri Kamal Hüseynov müvafiq təşkilatların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınır.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Elm və təhsil 2023-02-25 16:30:00