×
A
A
A
Sazlamalar

Hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait yaradılıb - REPORTAJ VİDEO

Ağdam, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonu ərazisində dislokasiya olunan hərbi hissənin yerləşmə məntəqəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Hərbçilərimiz hər zaman ayıq-sayıqdır

Hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana və generator yaradılıb. Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataq ilə təchiz edilib. Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait var. Bu da əsgərlərimizə Vətənimizin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.

“Şəhid və qazi ailələrinin bizim kimi Vətənə xidmət edən oğulları var”

İşğaldan azad olunmuş ərazilərdə xidmət keçməkdən fəxr etdiyini deyən əsgər Mehman Möhsümzadə Vətənin keşiyində dayanmağın həm məsuliyyətli, həm də qürurverici olduğunu bildirib: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməkdən qürur duyuram. Hərbi hissədə xidmət keçməyimiz üçün yüksək şərait yaradılıb. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun olaraq fasiləsiz təmin edilir. Ali təhsilli əsgər olaraq 8 aydır xidmət edirəm. Ailəm, dostlarım, yaxınlarım nigaran qalmasınlar. Buradan şəhid və qazi ailələrinə salam göndərirəm. Onların bizim kimi Vətənə xidmət edən oğulları var. Qarabağ Azərbaycandır!”.

Milli mətbəximizlə zəngin qida rasionu

Hərbi hissənin yerləşmə məntəqəsindəki əsgər yeməkxanası müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxanada hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və qida rasionuna uyğun yeməklər verilir. Aşpaz Afət Bağırova bildirib ki, altı ildir əsgərlərimiz üçün milli xörəklər bişirir. “İşimlə qürurlanıram, əsgərlərimizlə fəxr edirəm. Şəxsi heyət üçün nəzərdə tutulmuş qida rasionu zəngindir. Demək olar ki, əsgərlərə milli mətbəximizin bir çox yeməyi verilir. Gündə üç dəfə əsgərlərimiz üçün yemək bişirilir. Menyuda milli mətbəximiz üstünlük təşkil edir. Analara demək istəyirəm ki, arxayın olsunlar, övladları etibarlı əllərdədir. Bu gün günorta yeməyi üçün mərci şorbası və toyuq əti ilə plov bişirmişik” – deyə, Afət Bağırova bildirib.

“Ad günüm maraqlı keçdi”

Hərbi hissənin yerləşmə məntəqəsində olarkən əsgərlərdən birinin - Əli Novruzovun doğum günü qeyd edilirdi. Əsgərə doğum günü və nümunəvi xidməti münasibətilə müdafiə nazirinin hədiyyəsi verildi, birgə nahar zamanı tort kəsildi. Uşaq evində böyüyən Əli Novruzov 11 aydır işğaldan azad olunmuş ərazilərdə, ehtiyatda olan bölmələrin birində xidmət edir. Vətənə xidmətdən qürur hissi keçirdiyini söyləyən əsgər deyib: “Bu gün doğum günümdür, 19 yaşım olur. Kollektivlə ad günümü qeyd etdik. Fərqli keçdi, maraqlı oldu. Çox sevindim. Hər kəsə təşəkkürümü bildirirəm”.

Azərbaycan əsgəri döyüşə hər zaman hazırdır

Sonra döyüş hazırlığı məşğələləri ilə tanış olduq. Əsgərlər rabitə hazırlığı, mühəndis-istehkam hazırlığı, atəş hazırlığı və artilleriya üzrə təlim nöqtələrində peşəkarlıq səviyyəsini, döyüşə hazırolma vərdişlərini təkmilləşdirirdilər.
Dərs prosesindən danışan kapitan Əli Nağıyev bildirib ki, 1 nömrəli təlim nöqtəsində döyüş mövqelərində xidmət edən əsgərlərə əsas atıcı silahlar tədris edilir. Məqsəd şəxsi heyətin silahlar haqqında nəzəri biliklərini, praktiki vərdişlərini artırmaq, atəş hazırlığı, taktiki hazırlıq kimi normativləri aşılamaq və onların döyüş hazırlığını yüksəltməkdir.
Üç nömrəli təlim nöqtəsinin rəhbəri Orxan Mahmudov isə əsgərlərə piyada və tank əleyhinə minalar haqqında məlumat verirdi.

“Vətənimizin keşiyində yorulmadan dayanmışıq”

Səfər zamanı döyüş mövqeyində xidmət aparan əsgərlərlə də həmsöhbət olduq. Atıcı əsgər Mənaf Quliyev işğaldan azad edilmiş torpaqlarda xidmət etdiyi üçün qürur duyduğunu bildirib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcumuzdur və biz Vətənimizin keşiyində yorulmadan dayanmışıq. Qarabağ Azərbaycandır!”.

Regionlar 2023-02-25 16:18:00

Video