×
A
A
A
Sazlamalar

RİİB könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini 613 ağac əkməklə yad ediblər

Bakı, 25 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Fevralın 25-də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxtın Nərimanov rayonunda təşkil edilən aksiyada Xocalı qətliamında həlak olmuş 613 nəfərin xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada könüllülər iştirak ediblər.
Aksiyada iştirak edən RİİB könüllüsü Əli Həsənəliyev bildirib ki, 31 il əvvəl Xocalıda törədilən faciənin qurbanlarının unudulmadığını, onların xatirəsinin dərin hüzn və ehtiramla yad edildiyini nümayiş etdirmək üçün o dəhşətli gecədə qətlə yetirilən hər bir soydaşımızın xatirəsinə bir ağac əkilib: “Əkdiyimiz ağaclar böyüdükcə, ərazilər yaşıllaşdıqca həmin ağacların hansı məqsədlə əkilməsi xatırlanacaq. Beləliklə bizdən sonrakı nəsillərə tariximizi məhz bu cür üsullarla xatırladacağıq. Vətən müharibəsində iştirak edə bilməsəm də, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına aldığı torpaqlarda keçirilən ağacəkmə aksiyalarına qoşulmaq ən böyük arzumdur. Xüsusilə də Xocalıda ağac əkməklə həm şəhidlərimizin, həm də faciə qurbanlarının ruhunu şad etmək istərdim”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.
Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində silsilə tədbirlər reallaşdırır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. Kampaniyanın fəaliyyət istiqamətlərinə Xocalı soyqırımına dair həqiqətlərin beynəlxalq aləmdə tanıdılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda həkk olunması, xüsusən də gənc nəslə ötürülməsi də daxildir.

Ekologiya 2023-02-25 15:34:00