×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Berlində anım tədbiri keçirilib VİDEO

Berlin, 25 fevral, AZƏRTAC

Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə, həmçinin Xocalı soyqırımı ilə bağlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Xocalı soyqırımına dair hazırlanmış qısa film nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev mərasimdə çıxış edərək Xocalı soyqırımının “Soyuq müharibə”nin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. Səfir insanlıq əleyhinə bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb olunmadığını söyləyib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası nəticəsində soyqırımının beynəlxalq arenada tanınması sahəsində böyük irəliləyişlər olduğunu, habelə bir çox ölkənin, o cümlədən ABŞ-nin 20-dən artıq ştatının bu qətliamı rəsmən pislədiyini bildirib. N.Ağayev belə cinayətlərin bir daha baş verməməsi üçün bu soyqırımının beynəlxalq səviyyədə layiqli qiymət almasının zəruriliyini vurğulayıb.
Səfir 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın ərazilərini işğaldan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyini vurğulayaraq, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının və Murovdağ zirvəsinin azad olunmasında böyük şücaət göstərmiş, minaya düşərək hər iki ayağını itirmiş Xüsusi Təyinatlı Qüvvələrin mayoru Polad Rzayevin tədbirdə iştirak etdiyini bildirib. Berlində Almaniya ordusunun xəstəxanasında müalicə alaraq protezlərlə təmin edilən P.Rzayevin artıq tam sərbəst hərəkət etdiyini deyən N.Ağayev qazini və onun alman həkimi Gernot Kreçmeri səhnəyə dəvət edib.
P.Rzayev Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda döyüşdüyü üçün qürur duyduğunu bildirib, son iki ildə ona dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib.
Həkim G.Kreçmer P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını deyib.
Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov çıxışında Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını vurğulayıb, soyqırımı haqda həqiqətlərin dünyada yayılması istiqamətində parlamentin xətti ilə görülən işlərdən danışıb.
Çıxışlardan sonra anım konserti keçirilib. Konsertdə Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərən azərbaycanlı və xarici musiqiçilər - skripkada Anar İbrahimov (Bramo), pianoda Abuzər Manafzadə, fleytada Olqa Zernayeva, vokalistlər Orxan Cəlilov və Günel Şirinova, eləcə də “Xəzər Kamera Filarmoniyası” kvintetinin üzvləri Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Sevil Əliyeva, Arif Məlikov, Asəf Zeynallı, Fərhad Bədəlbəylinin, habelə xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Abuzər Manafzadənin müəllifi olduğu “Xocalı” əsəri konsert iştirakçılarının xüsusi marağı ilə qarşılanıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Qan yaddaşı 2023-02-25 15:27:00

Video