×
A
A
A
Sazlamalar

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru akademik Vaqif Abbasov Ermənistan silahlı qüvvələrinin Xocalını zəbt etmək üçün dinc əhaliyə qarşı amansızcasına törətdiyi kütləvi qırğından, faciənin ağır nəticələrindən danışıb. Faciə qurbanlarının ailə üzvlərinin, həmçinin şəhid ailələrinin və qazilərin övladlarının yüksək səviyyədə təhsil alması üçün dövlətimiz tərəfindən göstərilən dəstək və qayğıdan bəhs edib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən söz açan akademik Zəfər uğrunda mübarizədə şəhid olanların xatirəsinin hər zaman əziz tutulduğunu, eləcə də qazilərimizə böyük hörmət və ehtiram göstərildiyini vurğulayıb.
Sonda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2023-02-25 14:42:00