×
A
A
A
Sazlamalar

Faktiki hava: Paytaxtda cənub-qərb küləyi saniyədə 20 metrədək güclənib

Bakı, 25 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-nə olan məlumatına əsasən, gözlənildiyi kimi ölkə ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından kəsilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata əsasən, səhər saatlarına olan məlumata görə qalan qar örtüyünün hündürlüyü Qaxda 88, Şəkidə 29, Qubada 20, Ağdərədə 19, Xaltanda 15, Gədəbəydə 10, Qəbələdə 9, Oğuz, Qusarda 8, Lerik, Qobustanda 3, Yardımlıda 2 santimetr olub.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Cənub-qərb küləyi əsib, arabir Altıağacda saniyədə 21, Naftalan, Tovuzda 18, Ağdam, Tərtərdə 16, Bakıda və Abşeron yarımadasında isə 20 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.
Fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19° isti, dağlıq rayonlarda 3-8° isti olacaq.

Ekologiya 2023-02-25 14:40:00