×
A
A
A
Sazlamalar

Professor: Xalq tarixən başına gətirilən faciələrdən nəticə çıxarmalıdır

Bakı, 25 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun icraçı direktoru professor Müşfiq Atakişiyev Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini söyləyib. Bildirib ki, xalq tarixən başına gətirilən belə faciələrin səbəblərini araşdırmalı və nəticə çıxarmalı, bu tarixi faciəni gələcək nəsillərə də çatdırmalıdır.
İnstitutun şöbə müdiri professor Tofiq Hüseynov, Həmkarlar İttifaqı Təşkilatının sədri Tanrıverdi Paşa, iqtisad elmləri doktoru Sevda Mikayılova, dosent Emin Məmmədzadə və digərləri tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, torpaqlarımızı zaman-zaman işğal etmələrindən danışaraq Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri olduğunu bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub.

Elm və təhsil 2023-02-25 13:45:00