×
A
A
A
Sazlamalar

Fatma Yıldırım: Xocalı qətliamını törədənlər ədalət məhkəməsinə çıxarılmalıdır

Bakı, 25 fevral, AZƏRTAC

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 31 il ötür. Bu qətliam zamanı 613 nəfər dinc sakin amansızlıqla, qəddarlıqla öldürülüb. Xocalı soyqırımı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıda ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan edib, əhaliyə qarşı kütləvi qırğın törətmişlər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.
F.Yıldırım qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı Soyqırımı Günü haqqında qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri davam etdirir, bu məsələni xüsusi diqqət mərkəzində saxlayırlar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirilib. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanaraq həyata keçirilir. Bu tədbirlər təkcə respublikamızı deyil, müxtəlif ölkələri də əhatə edir.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-nin 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Doğrudur, 44 günlük Vətən müharibəsində Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Amma inanıram ki, güclü Azərbaycan dövləti qarşıya qoyduğu bu məqsədə nail olacaq və Xocalı qətliamını törədən bütün canilər ədalət məhkəməsinə çıxarılacaq. Bunun üçün xalq olaraq biz daha da səfərbər olmalıyıq”, - deyə Fatma Yıldırım bildirib.

Qan yaddaşı 2023-02-25 12:22:00