×
A
A
A
Sazlamalar

“Su və torpaq təbii sərvətimizdir” adlı bilik yarışının qalibləri mükafatlandırılıb

Bakı, 25 fevral, AZƏRTAC

Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində “Su və torpaq təbii sərvətimizdir” adlı bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, bilik yarışına Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən ümumilikdə 13 məktəbin 8 və 9-cu sinif şagirdləri qatılıblar. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin ölkəmizin torpaq və su ehtiyatları ilə bağlı maarifləndirilməsi, şagirdlər arasında intellektual yarışlara marağın artırılması və onlarda komanda ruhunun yüksəldilməsidir. İki turdan ibarət təşkil olunan yarışın 1-ci hissəsi “Nə? Harada? Nə zaman?” formatında keçirilib.
Komandalar bu turda 32 sual cavablandırıb. Oyunda dünya və ölkəmizin coğrafiyası, təbiəti haqda mövzuları əhatə edən suallar təqdim olunub. İkinci hissədə komandalar “Breyn-rinq” oyun formatında yarışıb. Hər iki turun sonunda ümumi qiymətləndirmə ilə üç qalib komanda müəyyən edilib.
Bilik yarışında Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin “Xəzər” komandası I yerə, Bakı şəhər 5 nömrəli tam orta məktəbin “Yanardağ” komandası II yerə, Bakı şəhər 220 nömrəli tam orta məktəbin “Zəngəzur” komandası III yerə layiq görülüb.
Qalib komandalara kubok, medal və hədiyyələr, eləcə də, yarışda iştirak edən hər bir komanda üzvünə iştirakçı sertifikatları təqdim olunub.

Regionlar 2023-02-25 12:02:00