×
A
A
A
Sazlamalar

Ulu Öndər Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünyaya çatdırıb

Quba, 25 fevral, Elxan Yusifli, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Məhz bu Qərardan sonra Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qubada Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş "Xocalı faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbirdə səsləndirilib.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon rəhbərliyi, Xocalıdan olan məcburi köçkün ailələri, mədəniyyət müəssisələrinin rəhbərləri, yerli incəsənət ustaları iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi anıldıqdan sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, dövlətimizin haqlı mövqeyini bütün dünyaya çatdıran Prezident İlham Əliyev işğal altında olmuş torpaqlarımızı azad etməklə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Dövlətimizin başçısının uğurlu xarici siyasəti və gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox dövlətləri Xocalı faciəsini soyqırımı kimi tanıyır.
Natiqlər Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edərək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Vurğulanıb ki, məhz bu uğurlu fəaliyyət nəticəsində dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumata malikdir.
Tədbirdə faciə şahidləri xatirələrini bölüşüb, "Xocalı faciəsi rəssamların gözü ilə" ümumrayon rəsm müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar təqdim edilib.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin "Rast" muğam üçlüyünün ifası və Quba Könüllülər Teatrının yerli yazar Ramiz Ramazanlının “Zəfər tacı” əsəri əsasında hazırladığı kompozisiya təqdim olunub.

Regionlar 2023-02-25 12:05:00