×
A
A
A
Sazlamalar

Həyatın ən çətin anı

Bakı, 25 fevral, Süleyman Qaradağlı, AZƏRTAC

Ağdam Cümə məscidi...
Üst-üstə yığılan meyitlər, doğmasını axtaran adamlar, başının dərisi soyulmuş, gözləri çıxarılmış, işgəncələr nəticəsində üz-gözü tanınmaz hala salınmış cəsədlər, didilmiş sifətlər, qolu-qıçı kəsilmiş, sinəsi güllələrdən dəlmə-deşik edilmiş qadın, qoca və uşaqlar...
Soyuq fevral gününün ən şaxtalı küləyi orda əsirdi...
İlahi, məsciddə yuyata götürülən meyitlər nə hala salınmışdı? Gözü oyulan, bəbəyində siqaret söndürülən də var idi, başı-beyni dağılanı da...
Bəlkə də ən çətin iş bu mənzərənin seyrçisi olmaq idi...
Hələ onları lentə almaq, fotoobyektivin yaddaşına köçürmək, tarixə çevirmək ondan da ağır idi!
Öz isti yuvasından çıxarılan, dağlara-daşlara salınan əliyalın, dinc sakinlərin, məsum körpələrin, günahsız anaların sifətinə necə baxasan? Onların üzünə baxa-baxa fotoobyektivin düyməsini necə basasan?
Çətin idi, çox çətin!
Amma etməli idi, eləməli idi...
Bəs onda dünən axşam Qarabağ bölgəsinə ezamiyyətdən sonra Bakıya çatıb həmin gecə qatarla bura niyə gəlmişdi?
“Fevralın 24-də AZƏRTAC-da ilk dəfə olaraq ezamiyyətə göndərildim. Əvvəlcə Füzuliyə gedib çəkilişlər apardım, elə həmin gün də oradan Şuşaya getdim. Şuşada da erməni atəşi nəticəndə dağılmış evləri, xəstəxanada müalicə alan yaralı əsgərləri, zirzəmilərdə atəşdən gizlənən şəhər sakinlərini çəkdim, başqa çəkilişlər də apardım. Şəhərdə olarkən batalyon komandiri Ramiz Qəmbərovla rastlaşdım, onun ilk və son dəfə şəklini çəkdim, hərbçiləri, şəhərdə olan vəziyyəti lentə aldım, sonra Laçına üz tutdum. Fevralın 26-da üçgünlük ezamiyyətim başa çatdığı üçün Bakıya qayıtdım... Bakıya çatanda həmin gecə Xocalıda baş verən hadisələr haqqında eşitdim və dərhal Bakı-Ağdam qatarı ilə geri qayıtdım...”, - deyə fotomüxbir, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərov xatırlayır.
Ağdam Cümə məscidi nəhəng bir meyitxananı xatırladırdı. Məlumata görə, məsciddə Xocalıda şəhid olan 335 sakin yuyata götürülmüşdü. O, özünü toplayıb içəri daxil olaraq bir neçə kadrı lentə alıb: “Sonra özümü pis hiss etdiyimə görə bayıra çıxdım. Bu proses bir neçə dəfə təkrar olundu, çünki bir neçə dəqiqə orada qalıb baş verənləri görmək, onları fotoobyektivin yaddaşına köçürmək ağır və əzablı bir iş idi. Əslində, məscidin ətrafında da fərqli mənzərə yox idi. Əzizlərinin, doğmalarının sorağını gözləyən adamlar, tabuta qoyulub dəfnə aparılanlar, sinə döyən, şaxsey vuran qadınlar, bir gecədə dünyası dağılan, hər şeyi yerlə-yeksan olan üzlərində kədər oxunan, gözü yaşlı sakinlər...”.
AZƏRTAC-ın təcrübəli fotomüxbiri Ağdamda olarkən həmin günlərdə SSRİ Mərkəzi televiziyasının Azərbaycan üzrə müxbiri Mayis Məmmədov və operator Nadir Zeynalov, hərbi operator Seyidağa Mövsümlü ilə də rastlaşıb. Üstündən xeyli vaxt keçsə də, o, 1992-ci ilin soyuq fevralını ən boz-bulanıq rənglərlə xatırlayır: “O ağır günlərdə insanların üz-gözündə kədərin ən acı çalarları dolaşırdı. Elə bil nəhəng bir rəssam fırçası hər şeyin üzərini qara rəngə boyamışdı. Hətta mənə elə gəlirdi ki, adamların çoxunun hissi, duyğusu da yoxdur. Baxırsan ki, ayaq üstədir, gedir-gəlir, baxır, görür, amma heç nə hiss eləmir. Bax mənim yaddaşımda elə bir təəssürat qalıb. Görünür ki, o da baş verən hadisələrin təsiri nəticəsində idi”.
İlqar səyyar cərrahi əməliyyat vaqonunu da xatırlayır, hətta həmin vaqonda da çəkiliş apardığını deyir: “Heç yadımdan çıxmır, vaqonda Məleykə adlı tibb bacısı var idi, onun qardaşı da şəhid olmuşdu, ancaq yaralıları həyata qaytarmaq, onlara yardım göstərmək üçün həkimlərlə birlikdə çox ciddi səy göstərirdi. Sonralar onun daha bir qardaşının da şəhid olduğunu eşitdim. Əldə etdiyim məlumata görə, artıq onun özü də həyatda yoxdur...”.
Müxtəlif beynəlxalq fotomüsabiqələrin qalibi olan İlqar Cəfərovun Xocalı soyqırımını əks etdirən bir neçə şəkli Rusiyada çıxan “İzvestiya” qəzetində dərc olunub. Onun müəllifi olduğu həmin fotolardan kitab, jurnal və qəzetlərin nəşrində indiyədək geniş istifadə olunur.
İlqar Cəfərovun obyektivin yaddaşına köçürdüyü həmin kadrlar indi Xocalı soyqırımını canlandıran ən dəyərli fotolardır. Üstündən illər keçib, yenə də çox illər keçəcək, amma həmin şəkillər həmişə öz dəyərini saxlayacaq...
Həmin məşum və dəhşətli günlərin xatirəsi kimi...
Əbədiyyət üçün...
Tarix üçün...

Qan yaddaşı 2023-02-25 11:28:00