×
A
A
A
Sazlamalar

Şəhid oğlu: Misli görünməmiş faciə gecəsində demək olar bütün qohumlarım qətlə yetirilib

Bakı, 25 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə - Xocalı faciəsində nənəm, iki bibim və digər qohumlarım qətlə yetirilib. Atam polis serjantı Behbudov Vaqif Yusif oğlu Xocalının müdafiəsi zamanı şəhid olub. Mən faciədən 4 ay sonra dünyaya gəlmişəm. Atam şəhid olduğu üçün adını mənə qoyublar - şəhid atamın adını qürurla daşıyıram.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində şəhid oğlu Vaqif Behbudov söyləyib.
Nənəsinin və bibisinin faciə gecəsi şəhəri tərk edərkən vurulduqlarını deyən Vaqif Behbudov hiss etdiklərini dilə gətirə bilmədiyini diqqətə çatdırıb: “Onların məzarı Ağdamda “Uzundərə“ Şəhidlər xiyabanındadır. Ermənilər həmin dəhşətli gecədə mənim demək olar ki, bütün qohumlarımı qətlə yetirib. Bibim rabitəçi idi. O telefonla Ağdama xəbər salmışdı ki, Xocalıya hücum var köməyə gəlin. Misli görünməmiş o məşum faciə gecəsində tamamilə məhv edilən 8 ailədən biri nənəmin qohumlarının ailəsi olub. Ermənilər ağlasığmaz qəddarlıqla uşaq, qadın, qoca demədən hamıya əzab-əziyyət veriblər”.
Şəhid oğlu bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsində Xocalı faciəsinin qisası alındı. Biz artıq qalib ölkənin, qalib xalqıyıq. Torpaqlarımızı işğaldan azad edən və bizə bu qürur hissini yaşadan qəhrəman igidlərimiz, qazilərimiz və şəhidlərimizdir.

Xocalı faciəsi 2023-02-25 11:20:00