×
A
A
A
Sazlamalar

Misirli ekspert: Ermənilərin törətdiyi Xocalı soyqırımı yaddaşlardan silinməyəcək

Bakı, 25 fevral, AZƏRTAC

Cənubi Qafqaz üzrə misirli ekspert Əsma Əhməd Əlcəzairin “Əl Hərir” portalında “Ermənilərin törətdiyi Xocalı soyqırımı yaddaşlardan silinməyəcək” sərlövhəli geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, ərəb ekspert erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc və günahsız insanlara qarşı törətdiyi vəhşiliklər, görünməmiş qəddarlıq və etnik təmizləmə barədə ətraflı məlumat verib. O, bu soyqırımı aktını bütün bəşəriyyətə qarşı ağır cinayət adlandırıb, bu cür qırğınların beynəlxalq aləmdə hökm sürən ikili standartlar və cəzasızlıq səbəbindən baş verdiyini vurğulayıb.
Ekspert yazıb ki, strateji əhəmiyyəti olan Xocalı şəhərini ələ keçirməyə can atan ermənilər bu şəhərdə törədilən ağır cinayətlərin cəzasını 30 il sonra – Azərbaycan Ordusunun 44 günlük müharibədə Qələbəsi zamanı aldılar. Ə.Əhməd qeyd edib. “Lakin azərbaycanlılar onlardan fərqli olaraq, mülki əhalini hədəf almayıb, düşməni yalnız döyüş meydanında məhv ediblər. Azərbaycan əsgəri həmişə humanizm prinsiplərinə əməl edib, dinc və günahsız insanlara silah qaldırmayıb. Otuz ildir davam edən Qarabağ münaqişəsinin tarixinə nəzər saldıqda, bunu açıq-aşkar görmək mümkündür”.
Ərəb ekspert diqqətə çatdırıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə xalqa müraciətində deyib: “Bu dəhşətli və amansız soyqırımı aktı bəşər tarixinə ən kütləvi terror aktlarından biri kimi daxil olub”.
Məqalədə Azərbaycan xalqının 200 ilə yaxın ermənilər və onların havadarları tərəfindən etnik təmizləmə siyasətinə məruz qaldıqları, 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə 250 min azərbaycanlının indiki Ermənistan, əslində qədim Azərbaycan torpaqlarında öz yurdlarından didərgin salındığı diqqətə çatdırılıb. Müəllif vurğulayıb ki, başqasının ərazisində monoetnik dövlət yaradan ermənilər əsrlər boyu qonşuları ilə düşmənçilik ediblər.
Ə.Əsma sonda qeyd edib ki, Azərbaycanın dostları olan ərəb politoloqlar və jurnalistlər Xocalı soyqırımı ilə bağlı ədalətin tam yerinə yetməsi istiqamətində fəaliyyəti davam etdirəcəklər. “İlahi ədalətlə yanaşı, bu dünyada da belə ağır cinayətləri törədənlər cəzasız qalmamalıdır”, - deyə o vurğulayıb.

Xocalı faciəsi 2023-02-25 10:47:00