×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək

Ağcabədi, 25 fevral, AZƏRTAC

Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin akt zalında keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Pedaqoji Kollecinin şöbə müdiri Bəxtiyar Əliyev ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən insanlığa sığmayan vəhşiliklərdən ətraflı söz açıb.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov isə bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsi idi. Ermənilər bu vəhşilikləri törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Həmin gecə Xocalı şəhəri darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın “Xocalıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalamış, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul etmiş, Prezident İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il yanvarın 17-də Sərəncam vermişdir.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının mühüm rolu olub. Hazırda dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlər nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Kollecin direktor əvəzi Aynur Babayeva və müəllimi İldırım Nadirov çıxışlarında bildiriblər ki, illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.
Tədbirin sonunda Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

Regionlar 2023-02-25 09:40:00