Serbiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Belqrad, 25 fevral, AZƏRTAC
Fevralın 24-də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Belqrad şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, diplomatik korpusun təmsilçiləri, yerli KİV nümayəndələri, eləcə də bu ölkədə çalışan, təhsil alan azərbaycanlılar, həmçinin yerli tələbələr iştirak ediblər.
Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir zamanı Xocalı soyqırımı qurbanlarının, habelə Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Kamil Xasiyev Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər və Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Ermənilərin tarix boyu Azərbaycana qarşı əsassız ərazi iddialarından və törətdikləri cinayətlərdən bəhs edərək, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb.
Ermənistan tərəfindən azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının 44 günlük müharibədə də davam etdirildiyi qeyd olunub. Bildirilib ki, döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisi və infrastrukturu məqsədli şəkildə hədəfə alınıb, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına əl atılıb. Ermənistan bu dəfə müasir zirehli texnika, ballistik raket qurğuları və kaset sursatlarından istifadə edərək, dinc azərbaycanlı əhalini hədəfə alaraq qətlə yetirib.
Daha sonra ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi serb dilində nümayiş etdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO