×
A
A
A
Sazlamalar

Şəkidə məskunlaşan Xocalı məktəbliləri faciə qurbanlarının xatirəsini anıblar

Şəki, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar fevralın 24-də Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı harayı” adlı tədbir keçirilib. Tədbirdə Qalereyanın əməkdaşları, rayonun Çələbixan qəsəbəsində yerləşən Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Rəsm Qalereyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Rəsm Qalereyasının direktoru İlahə Məmmədova və Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən danışıb, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Xocalı məktəbinin şagirdləri soyqırımına həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, səhnəciklər göstəriblər.
Tədbirdə, həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Regionlar 2023-02-24 18:07:58