×
A
A
A
Sazlamalar

Böyükşor gölünün mühafizə zonasından 500 metrə qədər sahədə obyektlərin inventarizasiyası aparılır

Bakı, 24 fevral, AZƏRTAC

Abşeron yarımadasında yerləşən 9 gölün bərpası zamanı hər birinə fərdi qaydada yanaşılacaq. Onların bütün xüsusiyyətləri, xarakteri, hidrologiyası, su təminatı, su balansı nəzərə alınmaqla hər biri haqqında fərdi qərarlar qəbul ediləcək. Həmin göllərə axıdılan çirkab sularının qarşısının alınması böyük maliyyə vəsaiti tələb edir və onların ətrafında yaşayış massivləri də var. Həmin ərazilərdə kanalizasiya şəbəkələri qurulmalı və tullantı sularının göllərə axınının qarşısı alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Nazirlikdə həm Zığ, həm də Böyükşor gölü üzrə komissiya yaradıldığını bildirən İ.Quliyev deyib: “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihələndirmə işləri aparılıb. Layihə ilə əlaqədar tender keçirilib və qalib müəyyən olunub. Tezliklə başlayacaq layihədə əsas istiqamət kimi çirklənmiş torpaqların nazirlik tərəfindən bərpası, yaşıllaşdırma işlərinin həyata keçirilməsi, gəzinti yollarının düzəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulur.
Komissiya tərəfindən Böyükşor gölünün ərazisində monitorinqlərə başlanılıb. Qanunvericiliyə müvafiq qaydada gölün mühafizə zonasından 500 metrə qədər sahədə obyektlərin inventarizasiya işləri həyata keçirilir. Layihə hazır olanda tenderlər keçiriləcək və tikinti şirkətləri müəyyən olunacaq. Bütün tədbirlər Bakı şəhərinin Baş Planına uyğun həyata keçiriləcək”.

Ekologiya 2023-02-24 18:20:00