×
A
A
A
Sazlamalar

Yaz aylarında çaylarda sel təhlükəsinin gözlənilməsi barədə məlumatlar elmi əsaslara söykənmir - Açıqlama

Şəki, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Son günlər bəzi kütləvi informasiya vasitələrində AMEA-nın Şəki Regional Elmi Mərkəzinə istinad edilərək, guya yaz aylarında çaylarda sel təhlükəsinin gözlənilməsi barədə qeyri-obyektiv, feyk məlumatlar yayımlanır. Bu məlumatlar heç bir elmi əsaslara söykənmir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov deyib.
Qurumun rəsmisi bildirib ki, ötən ilin payız-qış mövsümlərində və cari ilin əvvəlində müşahidə edilən quraqlıq, yağıntıların az olması, yüksək dağlıq ərazilərdə qar örtüyünün normadan aşağı səviyyədə formalaşması ilə bağlı müşahidələr güclü leysan yağışlarının yağması ehtimalı istisna olunmaqla, hər hansı sel hadisəsi ilə bağlı təşvişin yaranmasına, ümumiyyətlə, əsas vermir.
Y.Rəhimov qeyd edib ki, Kiş regionun çayları içərisində ən çox öyrənilən çaylar sırasındadır. Çayın sol sahili boyu müxtəlif illərdə inşa edilmiş istinad divarları vasitəsilə Şəki şəhəri sel hadisələrindən lazımi dərəcədə mühafizə olunur. Aidiyyəti təşkilatlar tərəfindən çayın yatağında ilin bütün fəsillərində, o cümlədən qış aylarında da zəruri və qabaqlayıcı tədbirlər görülür.

Regionlar 2023-02-24 17:09:24