×
A
A
A
Sazlamalar

Rektor: Xocalı qurbanlarının qanı yerdə qalmadı

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımı qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: “Bu gün dünyada gedən proseslər onu göstərir ki, münaqişələr müxtəlif səbəb və məqsədlər uğrunda baş verir. Bu münaqişələr siyasi, iqtisadi, coğrafi şərait və imkanların dəyərləndirilməsi fonunda geniş vüsət almaqdadır. Xocalı faciəsi bir millətin var olmasının həzm olunmamasının göstəricisidir. Xocalı qurbanlarının günahı onların azərbaycanlı olmasında idi. Onlar azərbaycanlı olduğuna görə qətlə yetirildilər. Bu soyqırımı həm də bütün insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Ordusu 44 gün ərzində şəhidlərimizin qısasını almış oldu, Xocalı qurbanlarının qanı yerdə qalmadı”.
Universitetin tələbəsi Emin Məmmədov “Xocalı soyqırımı tarixi tədqiqatlarda” mövzusunda çıxış edib. Qeyd olunub ki, Xocalı qırğınları dünyanın bir çox ölkələrində soyqırımı kimi tanınıb. Bildirilib ki, bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndidəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak ediblər.
Tələbələrdən Rahilə Məmmədova, Badam Şirəlizadə, Ləman Məmmədli və Lamiyə Əzimzadə “Xocalı həqiqətlərinin təbliği və tanıdılması” mövzusunda çıxış ediblər. Bildirilib ki, faciə ilə bağlı dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələri məlumat verib. Xocalıya ədalət kampaniyası soyqırımı faktını bir daha dünyaya sübut etmiş oldu.
Təhsil 2 fakültəsinin tələbəsi Jalə Eyvazova “Xocalı faciəsi beynəlxalq hüquq müstəvisində” mövzusunda nitq söyləyib. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir.
Tədbir tələbələrin sualları ilə davam edib.

Elm və təhsil 2023-02-24 15:41:00