×
A
A
A
Sazlamalar

Xocalı qırğınını Azərbaycan xalqı heç vaxt unutmayacaq

Bakı, 24 fevral, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. O bildirib ki, bu il Xocalı faciəsinin törədilməsindən 31 il keçir: “1992-ci il 26 fevral tarixi xalqımızın qan yaddaşıdır. Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən amansız kütləvi qırğınlardan biridir. 1992-ci il fevralın 26-da gecə saatlarında erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi olan 366-cı motoatıcı alayı tərəfindən dinc əhaliyə qarşı soyqırımı aktı törədildi”.
Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı, müqəddəs Qarabağ torpağını işğaldan azad edərək şəhidlərin nigaran ruhlarını rahatlığa qovuşdurdu.
Tədbirdə professorlar İlhami Cəfərsoy, İsmayıl Məmmədli, Sayalı Sadıqova, dosentlər Xədicə Heydərova, Teyyub Quliyev bildiriblər ki, Xocalı qırğınını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Elm və təhsil 2023-02-24 15:02:00