“Azərkosmos”da “ActInSpace” beynəlxalq hakatonunun qalibi olan NEXUS komandası ilə görüş keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
“Azərkosmos”da kosmik texnologiyalar üzrə “ActInSpace” beynəlxalq hakatonunun Qran-Pri mükafatını qazanmış NEXUS komandası ilə görüş keçirilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət NEXUS komandası “Azərkosmos”un tərəfdaşlığı ilə ötən il Bakıda keçirilmiş “ActinSpace 2022” hakatonunun qalibi kimi beynəlxalq finalda iştirak ediblər.
Kosmik Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov komanda üzvlərini və UFAZ əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycanda kosmos sahəsinə marağın artırılması diqqət mərkəzindədir və bundan sonra da gənclərin yerli, eyni zamanda, beynəlxalq yarışlarda iştirakına dəstək veriləcək.
Görüşdə NEXUS komandasının üzvləri “ActInSpace” beynəlxalq hakatonunda təqdim etdikləri layihəyə hazırlıq mərhələsi, irəli sürdükləri ideyanın inkişafı və məhsula çevirmək imkanları haqqında danışıblar.
Xatırladaq ki, “ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) kosmik texnologiyaların cəmiyyət üçün istifadəsi məqsədilə təşkil etdiyi beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən 1000-ə yaxın komanda iştirak edib.
Görüşdə “Azərkosmos” və UFAZ arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. NEXUS komandası kosmosun imkanları ilə daha yaxından tanış olmaq üçün oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb