×
A
A
A
Sazlamalar

Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən biridir

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov Xocalı soyqırımının bəşəriyyət tarixinə kütləvi terror aktı kimi daxil olduğunu söyləyib, həmin günlərdə baş verən qanlı hadisələri faktlarla diqqətə çatdırıb.
Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfərin amansızlıqla həlak olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki, 130 uşağın isə valideynlərindən birini itirdiyini, eyni zamanda, 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü, 155 nəfərin isə itkin düşdüyünü qeyd edib. İnsanlığa qarşı törədilən bu cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.
ATMU-nun professoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlığa, maddi-mədəni və mənəvi sərvətlərimizə qarşı vandal münasibətlərini faktlarla şərh edib.
Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov isə indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-nin 23 ştatı tərəfindən Xocalı qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarların qəbul edildiyini söyləyib.
Universitetin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatların qəbul olunduğunu, bu faciənin beynəlxalq aləmdə tanıdılması üçün zaman-zaman məqsədyönlü fəaliyyət göstərildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii əsərlərdən ibarət kitab sərgisi fəaliyyət göstərir. İlk dərslər əsrin faciəsi – Xocalı qətliamına həsr olunub. Gün ərzində Xocalı faciəsini əks etdirən fotoslayd yayımlanır. Bir qrup tələbə isə Karyera və kommunikasiya şöbəsinin əməkdaşı Lalə Qafarovanın rəhbərliyi ilə Memorial Soyqırımı Muzeyini ziyarət edib.

Elm və təhsil 2023-02-24 12:31:00