×
A
A
A
Sazlamalar

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə, soyqırımı qurbanlarına və bütün şəhidlərimizə dərin ehtiramlarını bildiriblər.
Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən, xalqımıza və millətimizə qənim kəsilmiş şovinist və militarist erməni faşizmi tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı qətilamı barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Liditse, Oradur və Sonqmi faciələri ilə müqayisə oluna bilər. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən işğal olunaraq yerlə-yeksan edilib. Qətliam zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib.
O deyib ki, Ümummilli Lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirib.
B.Əsgərov Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ölkəmizdə və xaricdə mühüm layihələrin, böyük işlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun beynəlxalq təşkilatların diqqətini bu faciəyə cəlb etməsi nəticəsində artıq əksər dövlətlər, onların vətəndaşları və bir çox qurumlar Xocalı faciəsi barədə ətraflı məlumatlara malikdirlər və bu hadisə dünyanın bir sıra ölkələri və onların dövlət orqanları tərəfindən soyqırımı kimi tanınıb.
Sonda daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi, birləşdirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir. Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır.
Tədbir digər çıxışlarla davam edib.

Xocalı faciəsi 2023-02-24 12:17:00