×
A
A
A
Sazlamalar

Xocalı faciəsi - tarixi gerçəklik

Bakı, 24 fevral, AZƏRTAC

Tarixi keçmişimizə nəzər saldıqca, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxır, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməyə başlayır. Xalqımıza qarşı zaman-zaman törədilmiş soyqırımı hadisələri də bu qəbildəndir.
AZƏRTAC xəbər verir ki, bu sətirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədovanın “Xocalı faciəsi - tarixi gerçəklik” adlı məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülməsi ilə soyqırımı hadisələrinin başlanğıcı qoyulmuşdur. Erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XX yüzildə ermənilərin Osmanlı imperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi isə əsrin sonlarında qanlı toqquşmalara gətirib çıxarmışdı. Əsrin sonlarında erməni azğınlığının təkrar alovlanması 1987-ci ildən başladı. Həmin ildə Moskvada Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılması Azərbaycan üçün gələcək faciələrin əsasını qoydu. Təcrübəli rəhbərin yoxluğu səbəbindən əsrin ən böyük faciələrindən olan Xocalı faciəsinə səbəb olacaq səhvlərə yol verildi.
Vaxtilə Ümummilli Lider Heydər Əliyev demişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Həqiqətən də, 1992-ci il fevralın 26-na keçən gecə rus əsgərləri ilə birlikdə ermənilərin Xocalıda həyata keçirdikləri hərbi əməliyyat öz miqyası, qəddarlığı və amansızlığı ilə insanı dəhşətə gətirir. Bu tarixdən uzaqlaşdıqca soyqırımın başvermə səbəbləri, üsulları və nəticələri daha aydın görünür.
Həmin gün baş verən hadisəyə qısa nəzər salaq. Fevralın 25-i gecə saat 23:00-da ermənilər üç istiqamətdən Xocalıya hücum etmişdi. Bu hücumda Ermənistan silahlı qüvvələrinin tabeçiliyində olan silahlı qruplar, muzdlu əsgərlər, özünü “Arsax Xalq Azadlıq Ordusu” adlandıran erməni bölmələri və keçmiş sovet ordusunun 366-cı hərbi alayı iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfdən öndə olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar daha çox fəallıq göstərmişdilər. Əvvəlcə 366-cı alayın tanklarının köməyilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə şəhərdə olan əsgər qərargahları və atəş mövqelərini məhv etmişdilər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı mərdliklə döyüşmüşdülər. Sonuncu müqavimət məntəqəsi səhər saat 7-də susdurulmuşdur. Atışma zamanı Xocalıda yüzlərlə adam vuruşa-vuruşa həlak olmuşdu. Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz qalmışdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında gizlənmiş erməni əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər. Ermənistan hərbi birlikləri qətlə yetirdikləri insanların üzərində xüsusi əməliyyatlar aparmış, onların dərisini soymuş, müxtəlif işgəncələr vermişlər.
Qəsəbəyə hücum edən qüvvələr arasında yerli erməni hərbi birləşmələri ilə yanaşı, 366-cı alayın komandirləri, əsgərləri beynəlxalq qanunları və Hərbi Nizamnaməni deyil, milli nifrəti əsas tutaraq soyqırımı həyata keçirmişdilər. Erməni qaniçənləri bu şəhərdə yaşayan azərbaycanlılara qarşı milli-etnik və dini zəmində soyqırım aktı törədərək şəhəri tamamilə yandırmış və dağıtmışlar.
Bu faciədə təkcə erməni faşistləri və rus millətçiləri deyil, həm də o dövrdəki Azərbaycan rəhbərliyi, hakimiyyət uğrunda mübarizədə Qarabağ problemlərindən istifadə edib siyasi vəziyyətin gərginləşməsinə çalışan siyasətbazlar günahkar idilər. Bütün bunlar bir ibrət dərsidir. Əlbəttə ki, tarix bizə ibrət dərsi verir.

Elm və təhsil 2023-02-24 12:13:00