×
A
A
A
Sazlamalar

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir

Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən anım tədbirində səsləndirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.
Anım tədbirində çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum etməsi nəticəsində şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. Dəhşətli faciə nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Tədbirdə Mərkəzin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmçinin soyqırımından bəhs edən videoçarxlar izlənilib.

Regionlar 2023-02-24 12:02:54