×
A
A
A
Sazlamalar

Qaxın İlisu kəndində qarın hündürlüyü 30 santimetrə çatır

Qax, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb, dağlıq və dağətəyi ərazilərə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 30 santimetrə çatır. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.
Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülüb. Avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

 

Regionlar 2023-02-24 11:54:14