×
A
A
A
Sazlamalar

Cəlilabadda yerli kartof toxumçuluğu inkişaf etdirilir

Cəlilabad, 24 fevral, İsmayıl Cəfərli, AZƏRTAC

Artıq iki aydır ki, Cəlilabad rayonunda yazlıq kartof əkini davam edir. Builki əkinlərdə rayonda ilk dəfə olaraq təcrübə-sınaq məqsədilə yerli kartof toxumlarından da istifadə olunub. Məqsəd kartofçuluq sahəsində yerli toxumçuluğun inkişaf etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bu il rayonda 5500 hektara qədər açıq sahədə kartof əkini planlaşdırılıb. Ötən ilin sonlarından əsasən Rusiya Federasiyasından gətirilən toxumluq kartof sortları fermerlərin saxlanc anbarlarında cücərdilərək, şaxtalı havalar nəzərə alınmaqla, müvafiq dərinlikdə torpağa köçürülür. Əliqasımlı, Muğan, Təzəkənd Maşlıq, Sabirabad, Göytəpə kəndlərində bu günədək 14 min tona yaxın toxumun əkini həyata keçirilib.
Fermer Vahid Ağayev: “Birinci dəfədir Rusiyadan “Arizona” sortu gətirmişəm. Əslində mən yerli toxumlara üstünlük verirəm. Dedilər ki, bu, keyfiyyətlidir, maraqlandım. İndi əkin aparıram, görək necə məhsul verəcək..? Amma əsas hədəfimiz yerli toxumları inkişaf etdirməkdir, bunun üçün sahə də ayırmışam. Mütəxəssislər gələcək, onlarla bir yerdə regionlaşmış yerli toxum əkəcəyik”.
Kartofçuluqda hər il yeniliklərin tətbiqi ilə məşğul olan təcrübəli fermer Vahid Ağayev rayonda ixracyönlü məhsul istehsalını qarşıya məqsəd qoyub. Builki hədəflərindən biri də yerli kartof toxumçuluğunu inkişaf etdirməkdir.
Hazırda əkin üçün ən müasir texnikaların mövcudluğuna baxmayaraq, Cəlilabadın bir çox kəndlərində kartof əkini qədim adət-ənənələrə uyğun həyata keçirilir. Ata qoşulmuş kotan vasitəsilə hazırlanmış torpaqda cərgələr çəkildikdən sonra kartoflar cərgələrə düzülür və təkrar kotan ilə üstü örtülür. Əkin zamanı mineral gübrələrdən də istifadə olunur.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov: “Cəlilabadlı fermerlər artıq ikinci aydır yazlıq kartof əkini ilə məşğuldurlar. Bu günə qədər 2000 hektar sahədən çox kartof əkini həyata keçirilib. Əkin davam edir və 1300 hektara yaxın sahədə əkin aparılması planlaşdırılır”.
Rayonda əkin aparılan kartof sahələrinin illik toxum təminatı təxminən 17-18,5 min ton civarındadır. Ötən il Cəlilabadda 5450 hektar sahədən 152 min 600 ton kartof istehsal olunub. Tədarük olunan məhsulun 61 min 300 tonu xarici ölkələrə göndərilib.

Kənd təsərrüfatı 2023-02-24 11:41:47