×
A
A
A
Sazlamalar

Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Xocalı soyqırımının, eləcə də canlarını Vətənin müdafiəsi və azadlığı uğrunda fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən səfir Emil Kərimov bildirib ki, ötən əsrdə xalqımız dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb, tarixi torpaqları olan Ermənistandan qovulub, 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, Xocalı soyqırımı, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım kimi qətliamları və bir sıra digər faciələr yaşayıb. Xocalı soyqırımı öz vəhşilik dərəcəsinə görə dünya miqyasında ən dəhşətli faciələrdən biridir və Holokost, Qolodomor, Xatın, Xirosima-Naqasaki, Songmi, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərdən da ağırdır.
Səfir Xocalı soyqırımının qurbanları haqqında danışıb və bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. O qeyd edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolu böyükdür və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası soyqırımın tanıdılmasında xüsusi əhəmiyyətə malikdir.
E.Kərimov diqqətə çatdırıb ki, bu faciə İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın bir çox ölkələri tərəfindən soyqırımı kimi tanınıb.
Səfir çıxışının sonunda 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımızın düşmənin işğalçılıq siyasətinə son qoyduqlarını və xalqımızın tarixinə parlaq Qələbə yazdıqlarını böyük qürur hissi ilə qeyd edib.
Anım mərasimində çıxış edən Azərbaycan-Küveyt “Vətənsevər” Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ermənilərin vəhşilikləri haqqında məlumat verərək bildirib ki, Azərbaycan xalqı öz qəhrəmanlığını 44 günlük Vətən müharibəsində sübut edib.
Küveyt vətəndaşları Bədi Əl-Avadi və Əli Əl-Saffar ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında çoxlu məlumat əldə etdiklərini, Küveytin də işğaldan əziyyət çəkən dövlət olduğu üçün ermənilər tərəfindən törədilmiş vəhşilikləri qınadıqlarını söyləyib və Allahdan Azərbaycan və Küveyt şəhidlərinə rəhmət diləyiblər.
Daha sonra küveytli jurnalist Adil Əl-Əzmi Xocalıda yaşananların ağlasığmaz bir vəhşilik nümunəsi olduğunu qeyd edib və dünya dövlətlərinin belə cinayətlərə qarşı həmrəylik göstərməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu cür ağır cinayətləri törədənlərin cəzasız qalması mənfi nəticələrə səbəb olur və təəssüflər olsun ki, analoji hadisələr sonrakı illərdə başqa ölkələrdə də təkrarlanır.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş “Məhv edilmiş şəhər” sənədli filminə tamaşa ediblər.
Tədbirin keçirildiyi zalda Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallar, bukletlər sərgilənib, eləcə də fotostend quraşdırılıb.

Xocalı faciəsi 2023-02-24 10:36:00