×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 24 fevral, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və Xocalı faciəsi” mövzusunda tədbir keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə institutun icraçı direktoru professor Paşa Kərimov tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. O, müasir dünyada hələ də açıq-aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırımına biganə yanaşan antihumanist qüvvələrin az olmadığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında qazanılan şanlı Qələbə xalqımızın Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu. Lakin Xocalı soyqırımının səbəbkarları beynəlxalq məhkəmə qarşısında hələ də cavab verməyib, hərbi cinayət törədən Ermənistan rəhbərliyi cəzasını almayıb.
Tədbirdə “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar”, “Xocalı faciəsi sağalmayan yaramızdır”, “Xocalı faciəsinin səbəbkarları hələ də cəzasızdır”, “Xocalı soyqırımı XX əsrin faciəsi” mövzularında məruzələr dinlənilib. Çıxış edənlər tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən, ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Bildiriblər ki, son iki yüz il ərzində erməni şovinistləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirsələr də, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət bərqərar olub.
Anım tədbirində sözləri Əhməd Cavada, musiqisi Aygün Səmədzadəyə aid “Bismillah” kompozisiyası səsləndirilib, Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin və M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının hazırladığı “Erməni terrorizmi və Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr” mövzusunda kitab sərgisi təqdim olunub.
Qeyd edək ki, anım mərasimində Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı və həmin ali hərbi məktəbin komandirləri iştirak ediblər.

Elm və təhsil 2023-02-24 10:17:00