×
A
A
A
Sazlamalar

Gənclər Kitabxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən amansız cinayətlərdən biridir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində silsilə materiallar - ənənəvi və virtual sərgi, videomaterial, metodiki vəsait, məlumat bülleteni, biblioqrafik yaddaş və icmal hazırlayaraq istifadəçilərə təqdim edib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial və virtual kitab sərgisində Xocalı soyqırımı hadisələrinin xronologiyası, tarixi, acı nəticələri haqqında məlumat verilib. Materiallarda Xocalı soyqırımına ilk siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verilməsi və sonradan Xocalı soyqırımının dünyaya tanıdılması yönümündə beynəlxalq səviyyədə görülən işlər, keçirilən layihələr haqqında məlumatlar əks olunub. Burada Xocalı şahidlərinin xatirələri, hadisələrin foto və video görüntüləri də yer alıb.
İngilis dilində hazırlanan virtual kitab sərgisində “Armenian terror”, “8 дней в Армянском плену”, “Hocalı feryadı”, “Xocalı şikəstəsi” kimi 20-dən çox Azərbaycan, türk, ingilis və rus dillərində olan kitablar təqdim olunub.
“Xocalı soyqırımı ədəbiyyatda” adlı metodiki vəsait Xocalı soyqırımına dair çoxsaylı ədəbiyyatın kitabxanalarda təbliğinə kömək məqsədilə tərtib olunub. Metodiki vəsaitdə kütləvi təbliğatın əyani, şifahi və virtual formalarına uyğun olaraq tədbirlərin keçirilmə metodikası və əyani nümunələr təqdim edilib.
“Xocalı” adlı məlumat bülletenində 26 fevral hadisələrinin təsviri ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzalanan Sərəncamın tam mətni və 30-dan çox kitabın biblioqrafik təsviri də yer alıb.
“Xocalı soyqırımı-qan yaddaşımız” adlı biblioqrafik icmalda Xocalı soyqırımına dair rəsmi sənədlərin tam mətni, Yaqub Nasimanın “Xocalı qırğını”, Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərdə”, Elxan Elatlınıın “Cəhənnəmdən gələn səs” və digər 30-dan çox kitabın annotasiyası təqdim edilib.
Respublika Gənclər Kitabxanasında Xocalı hadisələrində xüsusi fədakarlıq nümayiş etdirən Əlif Hacıyev, Çingiz Mustafayev və digər qəhrəman Azərbaycan oğulları haqqında biblioqrafik yaddaş və məlumat bülletenləri hazırlanıb. Bu materialların hər biri kitabxanada təşkil edilən “Xocalı soyqırımı” adı ənənəvi kitab sərgisində sərgilənməkdədir.

Mədəniyyət 2023-02-24 10:13:52