×
A
A
A
Sazlamalar

Latviyada Xocalı faciəsinə həsr edilmiş “Sonsuz dəhliz” filmi nümayiş olunub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Riqa şəhərində yerləşən “Splendid Palace” kinoteatrında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar litvalı rejissor Aleksandras Brokasın “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.
Ölkəmizin Riqadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Latviyanın dövlət qurumlarının nümayəndələri, şəhər və bələdiyyələrinin rəhbərləri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə səfir Elnur Sultanov çıxış edərək Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının bu il 31-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. O, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verərək eyniadlı şəhərin dinc əhalisinə qarşı xüsusi amansızlıqla törədilən bu qətliamın bəşəriyyəti dəhşətə gətirdiyini və insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən olduğunu qeyd edib. Elnur Sultanov Xocalı soyqırımı və Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı törədilmiş digər cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasının zəruriliyini vurğulayıb.
Diplomat qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar, həmçinin ölkələr, onların qanunverici orqanları Xocalı faciəsinin bəşəriyyətə qarşı ağır cinayət olduğunu bəyan edərək müvafiq qərarlar qəbul ediblər. Bildirib ki, 2015-ci ildə Latviya Seyminin deputatları tərəfindən də bu dəhşətli cinayətin qınanmasına dair müvafiq bəyanat qəbul olunub.
Səfir E.Sultanov 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadığını vurğulayıb. O, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Sonra “Sonsuz dəhliz” filmi latış dilinə sinxron tərcümə ilə nümayiş etdirilib.

Xocalı faciəsi 2023-02-23 20:07:00