×
A
A
A
Sazlamalar

Xocalı faciəsi qurbanlarının xatirəsi Estoniyada da anılıb VİDEO

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Tallin şəhər Filarmoniyasında anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olaraq azərbaycanlılara qarşı yönəlmiş və həyata keçirilmiş cinayət olduğunu vurğulayıb.
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən müvafiq Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çox sayda qadın, uşaq və qocanın amansızcasına öldürüldüyü qətiyyətlə pislənərək, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmalarının vacibliyinin qeyd edildiyini diqqətə çatdırıb.
Sonra Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filmində faciənin canlı şahidi, litvalı hərbi jurnalist Ricard Lapaitis həmin günlər barədə ətraflı məlumat verib, dəhşətli xatirələrini bölüşüb.
Daha sonra “Sonsuz dəhliz” filmin nümayiş olunub.
Sonda iştirakçılar Estoniyada yaşayan və fəaliyyət göstərən rəssam Rövşən Quliyevin Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Türkiyə, Qazaxıstan, Moldova, Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Moldova, Rumıniya və Macarıstan səfirliklərinin müşavirləri, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Xocalı faciəsi 2023-02-23 19:40:00

Video